Kifayət Qasımova bürünc medal qazandı - YENİLƏNİB
27.08.2009 - 18:17
Kifayət Qasımova bürünc medal qazandı - YENİLƏNİB
Hollandiyanın Rotterdam şəhərində təşkil olunan cüdo üzrə dünya çempionatında ikinci günün görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycanın iki idmançısı - gənc Elçin Qasımov və ölkəmizin ən titullu qadın cüdoçusu Kifayət Qasımova qüvvəsini sınayır.

73 kq (63 iştirakçı)
Elçin Qasımov üçün çempionat uğursuz olub. İlkin mərhələdə fransalı Jilye Bonhommla qarşılaşan həmvətənimiz 3 dəfə yuka fəndinə düşərək, məğlubiyyətlə barışıb. O, 1/4 finalda tez uduzduğundan, heç bir halda təsəlliverici mərhələyə qatıla bilməz. Bəli, Azərbaycanın ən titullu cüdoçusu, dördqat Avropa çempionu Elçin İsmayılovun adaşı dünya çempionatı ilə erkən vidalaşıb. Bu Elçin həmin Elçin deyil...

57 kq (38 iştirakçı)
Kifayət Qasımova mübarizəyə birbaşa 1/16 final mərhələsindən qoşulub. Onun ilk rəqibi İrina Zabludina (Rusiya) olub. 26 yaşlı idmançımız çətinlik çəkmədən qələbə qazanıb. O, Zabludinanı ippon fəndi sayəsində cəmi 10 saniyəyə məğlub edib. Kifayət 1/8 finalda avstriyalı Sabrina Filzmoseri yarışdan kənarlaşdırıb. Bu dəfə də həmvətimiz ipponla qalib gəlib. Vazari fəndinə düşməsinə baxmayaraq, Qasımova görüşün bitməsinə 1 dəqiqə qalmış “təmiz qələbə” qazanıb. 1/4 finalda cüdoçumuz macar Hedviq Karakasa da məğlubiyyət acısı daddırıb. O, 1 vazari, 1 yuka, rəqibi isə cəmi 1 vazari xalı əldə edib.
Beləliklə, yarımfinala adlayan xanım cüdoçumuz dünya çempionu olmağa xeyli yaxınlaşıb. Bundan ötrü ilk növbədə Telma Monteyronu (Portuqaliya) üstələmək lazım idi. Monteyro heç də zəif rəqib deyildi. O, ilk mərhələdə Pekin Olimpiadasının qalibi, italiyalı Culia Quintavalleni ippon fəndi ilə mübarizədən kənarlaşdırmışdı. Ümumiyyətlə, Telma yarımfinaladək hər 3 qələbəyə ippon sayəsində nail olmuşdu. Özü də bu qalibiyyətlərə cəmi 3 dəqiqə18 saniyə sərf etmişdi. Təsadüfi deyil ki, Kifayətin portuqaliyalı ilə görüşü olduqca qədər gərgin keçib. Qasımova Monteyroya qarşı vazari fəndi işlətsə də, rəqib bunun əvəzini artıqlaması ilə çıxıb - 1 vazari, 3 yuka. Nəticədə təmsilçimiz qızıl medaldan əlini üzüb. Buna baxmayaraq, o, bürünc medal uğrunda görüşdə inamlı təsir bağışlayaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlməyi bacarıb. Kifayət son görüşdə braziliyalı Rafaela Silvanı 1 dəqiqə 54 saniyəyə ippon fəndinə salıb.

Qeyd edək ki, çempionatın ilk günündə yığma üzvlərindən yalnız Sərxan Əhmədov (66 kq) tatamiyə çıxıb. O, ardıcıl iki qələbədən sonra 1/8 finalda uduzaraq, mükafatsız qalıb.
0