Azərbaycanın iki naziri İrəvana ermənilərlə müqavilə bağlamağa gedir
28.08.2009 - 12:11
Azərbaycanın iki naziri İrəvana ermənilərlə müqavilə bağlamağa gedir
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Ermənistana yollanır. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, səfərdə məqsəd sentyabrda İrəvanda keçiriləcək gənc cüdoçular arasında Avropa çempionatında Azərbaycan idmançılarının iştirak etmələri üçün təşkilati məsələləri müzakirə etməkdir. Nümayəndə heyətimizin 2007-ci ildə Bakıda baş tutmuş güləş üzrə dünya çempionatında iki ölkənin idman qurumları arasında imzalanmış müqaviləyə uyğun olaraq, yeni razılaşma imzalaması nəzərdə tutulub.

Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günədək ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə, Azərbaycan bayrağının qaldırılması, himninin səsləndirilməsi və bütün iştirakçıların bu an ayağa qalxması, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakının təmin edilməsi, yarış ərzində internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.

İmzalanma Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Cüdo İttifaqı, Avropa Cüdo Komitəsi, Avropa Olimpiya Komitəsi və Ermənistanın müvafiq orqanları arasında olacaq.
0