Yığmamız İspaniyanı sevindirdi
29.08.2009 - 10:09
Yığmamız İspaniyanı sevindirdi
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatına hazırlıq məqsədilə Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə məğlubiyyətə düçar olub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri İspaniya yığmasına uduzub - 1:3.

İlk setdə 20:25 hesabı ilə məğlub olan voleybolçularımız daha sonra toparlanaraq, ikinci hissəni öz xeyirlərinə başa vura biliblər (25:18). Ancaq yığmamızın bundan artığına gücü çatmayıb. Pireney yarımadası təmsilçilərinin həm üçüncü, həm də dördüncü setdə 25:22 hesablı qələbəsi məğlubiyyətimizi rəsmiləşdirib. Eyni zamanda, İspaniya iki gün əvvəlki 0:3 hesablı məğlubiyyətin əvəzini də çıxıb. Yekunda bu komanda turnirdə çıxışını 1 qələbə ilə bitirib.

İspanlara sevinc bəxş edən yığmamız bu gün Bakı vaxtı ilə saat 20:30-da artıq birinci yeri təmin etmiş Türkiyəni sınağa çəkəcək. Heç olmasa, ikinci pillədə qərarlaşmaq üçün milli komandamıza qələbə lazımdır.

Qeyd edək ki, voleybolçularımız avqustun 26-da türkiyəli həmkarlarına uduzmuşdular (1:3).
0