Cazibədar xanımdan yeni dünya rekordu - FOTO
29.08.2009 - 12:01
Cazibədar xanımdan yeni dünya rekordu - FOTO
Şüvüllə hündürlüyə tullanma üzrə Rusiya yığmasının üzvü, ikiqat olimpiya, ikiqat dünya və Avropa çempionu Yelena İsinbayeva növbəti rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, İsveçrədə keçirilən “Qızıl liqa”nın beşinci mərhələsində qüvvəsini sınayan xanım idmançı yeni dünya rekordu müəyyənləşdirib. 5,06 metrə tullanan Yelena qızıl medal qazanmaqla yanaşı, planetin ən hündürə tullanan qadın atletinə çevrilib. O, ikinci yerin sahibi polşalı Anna Roqovskanı 30 santimetr qabaqlayıb.

Bununla da, İsinbayeva avqustun 17-də Almaniyanın paytaxtı Berlində keçirilən XII dünya çempionatında üzləşdiyi uğursuzluğu qismən unutdurub. Həmin yarışda 27 yaşlı atletin bütün cəhdləri boşa çıxmışdı. Yelena heç 4,80 metrə tullana bilməyərək, mükafatsız qalmışdı. Dünya çempionu isə məhz Roqovska (4,75 metr) olmuşdu.

Xatırladaq ki, İsinbayeva 2008-ci ildə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən ilin ən yaxşı idmançısı seçilib. O, hazırda Rusiyanın ən gözəl idmançısı sayılır.
0