“Deportivo” Azərbaycan klubundan şikayət edir
31.08.2009 - 15:12
“Deportivo” Azərbaycan klubundan şikayət edir
Venesuelanın “Deportivo” klubu braziliyalı yarımmüdafiəçi Leo Roşadan narazıdır. Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar futbolçu ilə bağlı FİFA-ya şikayət etmək qərarına gəlib. Buna Leonun Azərbaycana qaçması səbəb olub.

“Deportivo” rəhbərliyi klubla hələ bir illik müqaviləsi olan yarımmüdafiəçini əldən buraxmaq istəmir. Buna baxmayaraq, Lara təmsilçisinin düşərgəsini özbaşına tərk edən Roşa yeni komandasının hazırlıqlarına qatılır. Venesuelalılar futbolçunun konkret hansı komandamızın düşərgəsində olduğunu bilməsə də, məsələnin FİFA tərəfindən araşdırılmasını istəyir. Klub rəsmisi Migel Anhel Valyaderes məsələdən narazılığını ifadə edib: “Leo qaydaların əksinə gedərək, təklif alan kimi Azərbaycana gedib. Bununla, hazırda bizimlə olan müqaviləsini pozur”.

Baş məşqçi Ernandes isə 23 yaşlı braziliyalıdan əl çəkməyəcəklərini açıqlayıb: “Leonu almaq istəyən klub transfer təklifi ilə bizə müraciət etməsin. Biz yalnız Roşanın qayıtmasını istəyirik. O, onsuz da dünyanın heç bir klubunda oynaya bilməz. Və böyük məbləğlərdə dollarlarla da biz onu buraxmayacağıq”.

Qeyd edək ki, 2007/08 mövsümündə Bakını təmsil edən “Standard” klubunda çıxış edən Leo yenidən bu komandanın maraq dairəsindədir.
0