Azərbaycan yığması Ermənistanda 3 medal qazandı! - YENİLƏNİB
11.09.2009 - 17:03
Azərbaycan yığması Ermənistanda 3 medal qazandı! - YENİLƏNİB
Bu gün Ermənistanın paytaxtı İrəvanda gənc cüdoçular arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, birinciliyə Azərbaycanın 5 idmançısı qatılıb. Yarışın ilk günü qüvvəsini sınayan hər 3 həmvətənimiz medala sahib çıxıb: 1 gümüş və 2 bürünc.

55 kq
İlqar Müşkiyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, çətinlik çəkmədən Viktor Qarsiyanı (İspaniya) məğlub edib. Öncə yuka fəndi işlədən İlqar ardından ippon sayəsində “təmiz qələbə” qazanaraq, 1/4 finalda iştirak hüququna yiyələnib. Müşkiyev növbəti rəqibi - fransalı Maksim Dufonu də sıradan çıxarıb. Yarımfinalda təmsilçimiz Kosmin Lazareanla (Rumıniya) güləşib. Cüdoçumuz bu mərhələdə rəqibini ippon fəndinə salaraq, finala yüksəlib. Onun həlledici görüşdə rəqibi Viktor Aşinadze olacaq. Bu qarşılaşmanın nəticəsindən asılı olmayaraq, İlqar artıq özü üçün medalı təmin edib. O, qələbə sayəsində qızıl, uduzacağı halda gümüşə sahib çıxacaq. Hər halda, İlqar ölkəmizin üçrəngli bayrağını İrəvanda dalğalandıran idmançı kimi tarixə düşəcək.
Final görüşündə iki yuka xalı qazanan rus idmançısı çempion adını qazanıb. İlqar isə Vətənə gümüş medalla qayıdır.

60 kq
Rasim Əsədullayev da Müşkiyev kimi, tatami üzərinə ikinci mərhələdə çıxıb. Həmyerlimiz birinci görüşdə ukraynalı Artyom Xarçenkoya heç bir şans verməyib. O, 2-ci dəqiqə 14-cü saniyədə Artyomu ippon fəndinə salıb. Əsədullayev 1/4 finalda Andreas Krassasla (Kipr) qarşılaşıb. Gərgin keçən görüşdə cüdoçumuz yuka fəndi ilə qalib gəlib. Yarımfinalda Floren Uraniyə (Fransa) uduzan Rasim təsəlliverici görüşlərə qatılıb. Burada italiyalı Amedo Assorsi üzərində qələbə qazanan həmyerlimiz bürünc medala sahib çıxıb.

66 kq
Bu çəki dərəcəsində Fəqan Eminoğlu debütdə uğur qazanıb. O, estoniyalı Evert Roopsonu məğlub edib. Cüdoçumuz 1/8 finalda Çedrik Bessi (Çernoqoriya) ilə güləşib və cəmi 48 saniyəyə rəqibi ippon fəndinə salıb. Daha sonra Fəqan Macarıstan idmançısı Zsolt Qorjanatsı üstələyərək, yarımfinala adlayıb. Eminoğlu finala vəsiqə uğrunda ukraynalı Artyom Bulıqa ilə üz-üzə gəlib. Amma idmançımız bu dəfə uğursuzluq yaşayıb. O, rəqibinə vazari xalı ilə uduzaraq, qızıl medaldan əlini üzüb. Bununla belə, Fəqan medal qazanmaq şansından məharətlə yararlanıb. O, təsəlliverici görüşdə Ares Herreronu (İspaniya) məğlub edərək, bürünc medal qazanıb.

Qeyd edək ki, yığmamızın digər üzvləri Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) qarşıdakı günlərdə çıxış edəcəklər.
0