“Oğlum söz vermişdi ki, İrəvanda qızıl medal qazanacaq”
14.09.2009 - 16:38
“Oğlum söz vermişdi ki, İrəvanda qızıl medal qazanacaq”
“Oğlum çox prinsipial idmançıdır. O, söz vermişdi ki, Ermənistandan Avropa çempionu kimi qayıdacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında İrəvanda keçirilən qitə çempionatının qalibi Elmar Qasımovun atası İlqar Qasımov deyib.

İlqar Qasımov bildirib ki, oğlunun tarixi uğur qazanmasında vətənpərvərlik hisslərinin yüksək olması rol oynayıb: “Elmarın Avropa çempionluğunu Ermənistanda qazanması bizim üçün ikiqat sevincdir. Çox şadam ki, oğlumla birgə İrəvana yollanan digər idmançılar da medal qazandı. Uşaqlar himnimizin 2-3 dəfə səslənəcəyinə inanırdılar. Ancaq elə alındı ki, bu son gündə baş verdi və məhz oğlum buna nail oldu. Bu, bütün Azərbaycanın böyük uğurudur və qələbəni Qarabağ şəhidlərinə həsr edirik”.

Elmarın anası Şərqiyyə Hüseynova isə bildirib ki, oğlunun düşmən ölkəyə yollanmasından qorxmurmuş: “Çünki təhlükəsizliyə yüksək səviyyədə təminat verilmişdi. Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Çox şadam ki, oğlum İrəvanda bayrağımızı yüksəltdi, himnimizi səsləndirdi. Bu, prezidentimiz başda olmaqla, hamımızın, bütün məşqçilərin, idmançıların qələbəsidir. Yarışa yaxşı hazırlaşmaq üçün yüksək şərait yaradılmışdı. Bunun nəticəsidir ki, Ermənistanda 5 medal qazandıq”.
0