Bölgələrdə güləşin inkişafı üçün şərait yaradılır
17.09.2009 - 11:38
Bölgələrdə güləşin inkişafı üçün şərait yaradılır
Sumqayıtda general Məhəmməd Əsədov adına orta ümumtəhsil İnternat məktəbinin idman zalında sərbəst və yunan-Roma güləşi üzrə bölmələr açılıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan Güləş Federasiyasının (AGF) 2 saylı regional nümayəndəliyi tərəfindən təmir edilmiş bu idman zalı müasir tələblərə tam cavab verir.

İdmançıların hazırlığı üçün yaradılan şəraiti müsbət qiymətləndirən AGF-nin Regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov kiçik yaşlı yeniyetmələrin bu idman növünə marağının artırılması məqsədilə güləş üzrə bölmələrin digər bölgələrdə də açılacağını bildirib.

İdman zalında məşqləri təcrübəli mütəxəssislər - Firdovsi Ömərov, Qərib Əliyev və Əbülfət Məmmədov, eləcə də gənc məşqçilər - Nurəddin və Hüsaməddin Rəcəbov, Tural və Xəyal Əliyev qardaşları keçəcək.

Federasiyanın 2 saylı regional nümayəndəliyinin rəhbəri Alimpaşa Məmmədov və yerli mütəxəssislərin iştirak etdiyi görüşdə Sumqayıtda güləş idman növünün inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Növbəti regional görüş 17-20 sentyabr tarixlərində Gəncə şəhərində keçiriləcək. AGF-nin Regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanovun rəhbərliyi altında nümayəndə heyətinin səfəri zamanı AGF-nin 7 saylı nümayəndəliyinin idman zalları ilə tanışlıq, daha sonra yerli məşqçilər və idmançılarla görüş keçiriləcək. Görüşdə Beynəlxalq Güləş Federasiyası tərəfindən təsdiq edilmiş yeni qaydalar barədə məlumat veriləcək, Gəncə və ətraf rayonlarda güləş idman növünə marağın daha da artırılması barədə müzakirələr aparılacaq.
0