“O xəbəri eşidəndə, sanki bütün yorğunluq canımdan çıxdı”
17.09.2009 - 16:09
“O xəbəri eşidəndə, sanki bütün yorğunluq canımdan çıxdı”
Ermənistanın paytaxtı İrəvanda başa çatan gənclər arasında Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elmar Qasımovun Lent.az-a müsahibəsi

- Cüdoya gəlişin necə olub?
- Cüdoya gəlişimdə atamın böyük rolu olub. O, 9 yaşımda ikən məni cüdo bölməsinə yazdırıb. Bundan öncə üzgüçülük, akrobatika, basketbolla da məşğul olmuşam. Cüdo növündə bir-iki ilə məşq etdikdən sonra gördüm ki, nə isə alınır. Ona görə də burada qalmağı məqsədəuyğun saydım. Artıq 10 ildir ki, sırf cüdo ilə məşğulam.

- Ailənizdə səndən başqa cüdoçu var?
- Bəli. Qardaşım Eldar da məşğul olur. O, məndən 1 yaş böyükdür. Ümumiyyətlə, ailəmizi idmançı ailəsi də adlandırmaq olar. Atam İlqar Qasımov Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. O, gənclik illərində atletika ilə, anam Şərqiyyə Qasımova isə voleybolla məşğul olub.

- Ermənistanda qazandığın qızıl medalı karyeranda ən böyük uğur saymaq olarmı?
- Qələbənin siyasi əhəmiyyətini nəzərə alsaq, bu, Azərbaycan xalqına bəxş etdiyim ən böyük uğurdur. İndiyədək Yay Universiadasında və böyüklər arasında dünya çempionatında 5-ci yeri tutmuşam. Bu, ilk medalımdır. Ən böyük hədəfim isə olimpiya çempionluğudur. Məhz olimpiya çempionu olsam, ən böyük uğura imza atdığımı deyə bilərəm.

- İrəvandakı qitə çempionatına yollanacağınızı nə vaxt bildiniz?
- Avqustun sonlarında Hollandiyanın Rotterdam şəhərində keçirilmiş böyüklər arasında dünya çempionatında çıxış etdiyimiz vaxt bizə dedilər ki, gənclər və idman naziri Azad Rəhimovla Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov İrəvana gedərək, qitə çempionatında iştirak edəcəyimiz haqda saziş imzalayıblar. Bundan sonra Ramin Qurbanovla birgə gənclərin Avropa çempionatına da yollanacağımız bilindi. Yoxsa bizi Rotterdama aparmaz, məhz gənclərin qitə birinciliyinə hazırlayardılar.

- Ermənistan paytaxtına yollanacağını biləndə hansı hissləri keçirdin?
- Dünya çempionatından yenicə qayıtdığımız üçün yorğunluq vardı. Buna baxmayaraq, İrəvanda mütləq layiqli mübarizə aparmaq lazım idi. Ona görə də qitə birinciliyində mübarizə aparacağımı bildikdə çox sevindim. Sanki bütün yorğunluq da canımdan çıxdı.

- İrəvanda hər an təxribatla üzləşəcəyinə dair narahatlıq yox idi?
- Xeyr. 35-ə yaxın cangüdənimiz vardı. Hər yerə onların nəzarəti altında yollanırdıq. Düzdür, bu, bir az psixoloji gərginlik yaradırdı. Amma təhlükəsizliyimiz üçün lazım idi. Ümumilikdə, narahatlıq yox, məsuliyyət hissimiz böyük idi. Çempionatın son iki günündə böyük həyəcan keçirirdim. İlk günlərdə isə daha çox deyib-gülməyə çalışırdım.

- Həyəcan hissləri keçirməyin nə ilə əlaqədar idi?
- Hiss edirdim ki, güclüyəm. Amma uduzacağımdan qorxurdum.

- Yarış necə təşkil olunmuşdu?
- Normal səviyyədə.

- Deyəsən, püşk sxemini elə tərtib etmişdilər ki, Azərbaycan və Ermənistan təmsilçiləri finaladək bir-biriləri ilə qarşılaşa bilməzdi...
- Bəli. Ermənilərin özləri də zəif olduqları üçün bizimlə daha əvvəlki mərhələlərdə qarşılaşmağı arzulamırdılar.

- Birdən finalda çexiyalı ilə yox, erməni ilə düşsəydin, necə olardı?
- Onu 16 saniyəyə yox, daha tez məğlub etməyə çalışardım. Yəqin ki, buna nail olardım.

- Ermənilər sizinlə necə davranırdılar?
- Ümumilikdə yaxşı davranırdılar. Amma ürəklərində bizə qarşı kin olduğu hiss edilirdi.

- Erməni jurnalistlər səndən müsahibə götürdülər?
- Bəli. Bir qadın jurnalistin suallarını cavablandırmışam.

- Ermənistan Cüdo Federasiyasının yaydığı müsahibədə sənin guya “Ermənilər qonaqpərvər xalqdırlar. Yenidən bu ölkəyə gəlmək istərdim. Qarabağ məsələsi həll olunsun, münasibətlərimiz qaydasına düşəcək” kimi fikirlər səsləndirdiyin qeyd olunub...
- Elə söhbət olmayıb. Jurnalist məndən soruşdu: “Avropa çempionatı necə təşkil olunub?” “Normal” cavabını verdim. Sonra “Azərbaycan və Ermənistan arasındakı münaqişəyə münasibətin necədir?” sualını ünvanladı. Mən isə cavab vermədim. “Bu, siyasi məsələdir. Mənlik deyil” dedim. Ermənilərin qonaqpərvər olduqlarını deməmişəm. Yalnız yarışla bağlı təəssüratlarımı bildirmişəm.

- Belə çıxır ki, müsahibənin o hissələrini özlərindən uydurublar...
- Müsahibəni mən özüm görməmişəm. Əgər mənim adımdan belə sözlər yazıblarsa, özlərindən uydurublar.

- Ölkə prezidenti İlham Əliyevdən başqa indiyədək səni kimlər qəbul edib?
- Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Səbail rayonunun icra başçısı Asif Əsgərov məni qəbul edib. Bu gün federasiyamızın rəhbərliyi tərəfindən mükafatlandırılmışam. Özüm “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yetirməsi olduğumdan, məni Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin də qəbul edəcəyi gözlənilir.

- Qazandığın 50 min manat mükafatın məbləğindən razısan?
- Bəli.

- Nəyə xərcləmək fikrindəsən?
- Düzü, hələ müəyyənləşdirməmişəm. Yəqin ki, məişət məsələlərinin həllinə.

- Amma ən azı bir yaxşı avtomobil ala bilərsən...
- Maşın mənim üçün ikinci plandadır. Baxmayaraq ki, hələ avtomobilim yoxdur.

- Komanda yoldaşlarının çıxışı barədə nə deyə bilərsən?
- Nəticələr bundan da qat-qat yaxşı ola bilərdi. Biz hamımız - qitə birinciliyinə yollanan 5 cüdoçu yalnız qızıl medal qazanmaq üçün İrəvana getmişdik. Amma komanda yoldaşlarımın fəxri kürsünün ən yüksək pilləsinə qalxmaları üçün nə isə çatmadı. Məsələn, İlqar Müşkiyev (55 kq) finalda Rusiya təmsilçisi Viktor Açkinadze ilə bərabər görüş keçirdi. Amma hakimlər Müşkiyevə xəbərdarlıq edərək, Açkinadzenin qələbəsinə şərait yaratdılar. Fəqan Eminoğlu (66 kq) da yarımfinalda ukraynalı dünya çempionu Artyom Bulıqa ilə qarşılaşmada fənd işlətsə də, hakimlər qeydə almadılar.

- Qarşıdakı planların nədən ibarətdir?
- Bu il gənclər kateqoriyasında çıxışlarımı başa vururam. Ona görə də 22 – 25 oktyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək gənclər arasında dünya çempionatının da qalibi olmaq niyyətindəyəm. Gələn ildən etibarən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq niyyətindəyəm.
0