Namiq Sevdimov, Zəlimxan Hüseynov və Xetaq Qazyumov
18.09.2009 - 16:30
Namiq Sevdimov, Zəlimxan Hüseynov və Xetaq Qazyumov
21-27 sentyabr 2009-cu il tarixlərdə Daminarkanın Herninq şəhərində keçiriləcək Dünya çempionatının proqramı artıq bəllidir. Apasport.az saytının xəbərinə görə, çempionatın birinci günü – 21 sentyabrda 55, 66 və 96 kq çəki dərəcəsində, sentyabrın 22-də isə 60, 84 və 120 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxacaq. 74 kq çəki dərəcəsində sərbəst güləşçilər sentyabrın 23-də mübarizəyə qoşulacaqlar.

Qadın güləşçilərimiz sentyabrın 23, 24 və 25-də medal uğrunda mübarizə aparacaqlar. Müvafiq olaraq 48 və 51 kq çəki dərəcəsində güləşçilər sentyabrın 23-də, 55, 59 və 63 kq çəki dərəcəsində güləşçilər sentyabrın 24-də, 67 və 72 kq çəki dərəcəsində güləşçilər isə ayın 25-də öz qüvvələrini sınayacaqlar.

Yunan-Roma güləşi üzrə yığma komandamızın Dünya çempionatında keçirəcəyi görüşlər sentyabrın 25-dən başlayacaq. İlk olaraq 55 kq çəki dərəcəsində güləşçilər xalça üzərinə çıxacaq. Sentyabrın 26-da 60, 84 və 96 kq çəki dərəcəsində, yarışların son günündə isə 66, 74 və 120 kq çəki dərəcəsində pəhləvanlar medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya çempionatının keçiriləcəyi Danimarkanın Herninq şəhərinə sərbəst güləş üzrə yığma komandamız sentyabrın 19-da, qadın güləşçilərimiz 21-də, yunan-Roma güləşçilərimiz isə sentyabrın 23-də yola düşəcəklər.

Komandamızın heyəti aşağıdakı kimidir:

Sərbəst güləş: Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq)

Qadın güləşi: Mariya Stadnik (48 kq), Sona Əhmədli (55 kq), Yuliya Radkeviç (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq)

Yunan-Roma güləşi: Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (84 kq) və Denis Mişin (96 kq)
0