Azərbaycan çempionatının adı dəyişdi - FOTOSESSİYA - VİDEO
24.09.2009 - 12:21
Azərbaycan çempionatının adı dəyişdi - FOTOSESSİYA - VİDEO
Bu gün Peşəkar Futbol Liqası (PFL) ilə “Unibank” Kommersiya Bankı arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, 3 il müddətinə nəzərdə tutulan rəsmi anlaşmaya PFL prezidenti Ramin Musayev və “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov qol çəkib.

Bununla, adıçəkilən bankın Azərbaycan Premyer Liqasının baş sponsoru olması rəsmiləşib. Beləliklə, bu gündən çempionatımız “Unibank Premyer Liqası” adlanacaq. Müqavilənin imzalanması ilə bağlı təşkil olunan tədbirdə çıxış edən Musayev bildirib ki, son 2 ildə sponsorluqla bağlı onlara çoxlu təkliflər gəlib: “Ancaq seçimdə məhz “Unibank” üzərində dayandıq. Bu, yalnız maddi məsələlərlə bağlı deyil. “Unibank” rəhbərliyinin futbola marağı, baxışı, fikirləri həlledici oldu. Son vaxtlar futbolumuzda böyük inkişaf müşahidə olunur. “Qarabağ”ın Avroliqada uğurlu çıxışı, dövlət başçısı İlham Əliyevin bu komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik etməsi, bunun göstəricisidir”.

Hüseynov isə bu layihənin həyata keçirilməsinin idmana, futbola olan dəstək kimi qiymətləndirib: “Buna görə Peşəkar Futbol Liqasının rəhbərliyinə minnətdarlığımızı bildiririk. Azərbaycan güclü ölkə olduğu üçün onun hər sahəsi güclü olmalıdır. İdmanımızın, futbolumuzun inkişafı üçün bir yerdə çalışacağıq”.

“Hyatt Regency” mehmanxanasında təşkil olunan tədbirə AFFA rəhbərliyi ilə yanaşı, gənclər və idman naziri Azad Rəhimov da qatılıb. O, fürsətdən yararlanıb Danimarkada keçirilən dünya çempionatında uğurla çıxış edən güləşçilərimizə də təbriklərini çatdırıb: “Bütün bunlar Azərbaycanda idmanın inkişaf etdiyi göstərir. Bir müddət əvvəl belə fikirlər səslənirdi ki, şirkətlərin idmana marağı elə də böyük deyil. Ancaq göründüyü kimi, onlar indi idmanla daha çox maraqlanırlar. Bu yöndə ilk addım atanlardan olan “Unibank”ın göstərdiyi diqqəti yüksək qiymətləndirirəm. Gələcəkdə belə əməkdaşlıqlar nə qədər çox olarsa, idmanımıza xeyri bir o qədər böyük olar. Biz də bu yöndə öz köməkliyimizi göstərməyə hazırıq”.

AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin üzvü Rauf Əliyev, baş katib Elxan Məmmədov da öz təbriklərini çatdırıb. Onlar çıxışında AFFA-nın son iki ildə tərəfdaşlarından olan “Unibank”la əməkdaşlıqlarına toxunub.

Qeyd edək ki, “Unibank”ın Premyer Liqamızın sponsoru olacağı haqda informasiyanı ilk dəfə apasport.az saytı yazıb.
0