“Xaqani Məmmədov və onun qohumbazlıq siyasətinə qoşulanlar cəzalanmalıdır”
02.10.2009 - 16:17
“Xaqani Məmmədov və onun qohumbazlıq siyasətinə qoşulanlar cəzalanmalıdır”
AFFA-nın İntizam Komitəsinin bazar ertəsi keçirilən iclasında qəbul olunan qərarlardan sonra “Xəzər-Lənkəran” klubuna tətbiq edilən cəzalar komandanın azarkeşlərinin qəzəbinə səbəb olub. Apasport.az saytının məlumatına görə, cənublu azarkeşləri özündə birləşdirən fanklublar baş verənlərlə bağlı bəyanat yayıblar. UniBank Premyer Liqasının əvəzedici komandaları arasında keçirilmiş “Xəzər-Lənkəran” - “Muğan” görüşündən sonra yaşanan hadisə iştirakçılarını sərt cəzalandıran komitənin qərarları fanklubların əsas qınaq obyektinə çevrilib.

“12-cı oyunçu” fanklubu baş verənlərə görə hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu qınayıb: “Xəzər Lənkəran” – “Muğan” görüşünə baxan azarkeşlər səriştəsiz hakimlərin səhv qərarlarını gördü və hamı Hakimlər Komitəsinin qohumbazlıq siyasətini lənətləyirdi. Onlar Xaqani Məmmədovun bu özbaşınalığına göz yumanları qınayırdı. Oyunun baş hakiminin səriştəsizliyi isə göz qabağında idi. Onun verdiyi qərarları futbolçular belə anlamır, hansı tərəfə cərimə zərbəsi təyin olunması da oyunçular tərəfindən başa düşülmürdü. Belə vəziyyətdə qarşılaşma bir neçə dəqiqə dayanırdı”.

Fanklubun bəyanatında bildirilir ki, hakimlərə “gözün üstə qaşın var” deyən olmayıb: “Oyundan sonra azarkeşlərin guya meydana axışması və hakimləri döyməsi haqda məlumatlar da cəfəngiyatdır. Heç bir azarkeş hakimlərə fiziki zor tətbiq etməyib. “12-ci oyunçu” azarkeş klubunun tərəfdar kimi tanımadığı və azarkeş kimi qəbul etmədiyi 3-4 nəfərin ədalət təmsilçilərinə hücum etməsini bütöv bir azarkeş ordusunun adına yazmaq məntiqsiz hərəkətdir. Lənkəranlı azarkeşləri vəhşi qismində təqdim etmək rəzalətdir”.

Azarkeşlər hakim seçiminin qohumbazlıq prinsiplərinə söykəndiyini düşünür: “Lənkəran təmsilçisinin baş məşqçisi də yüksək səslə etirazını bildirməsi onun azarkeşləri təhrik etməsi kimi qələmə verildi. Futbolun qaydalarını tam bilməyən hakimləri belə matçı idarə etdiyinə görə lənkəranlı azarkeşlər mətbuatın dediyi kimi “qanına qəltan” etməyibsə, bu tərəfdarın yüksək əxlaqından irəli gəlir. Nə vaxta qədər ölkə futbolunda hakim seçimi qohumluq əlaqələrinə görə olacaq və futbol biliyinə heç olmasa, azarkeşlər qədər malik olmayan fit sahibləri oyunlara təyin olunacaq, xoşagəlməz hadisələr davam edəcək”.

Fanklub üzvləri cari mövsüm hakimlərin niyə görə yüksək qiymətlər aldığının da səbəblərini açıqlayıb: “Belə hadisələrdən yararlanaraq öz çirkin əməllərinə bəraət qazandırmaq cəhdi Hakimlər Komitəsinin ədalət təmsilçilərinə şişirdilmiş qiymətlər verməsi ilə nəticələndikcə, futbolumuzda inkişaf olmayacaq. "Xəzər Lənkəran" - "Muğan" görüşünün hakimlərinə yüksək qiymət verilməsi buna sübutdur. Hakimlərlə yüksək səslə danışan məşqçini futboldan iki il uzaqlaşdırmaqdansa, Xaqani Məmmədov və onun qohumbazlıq siyasətinə qoşulanların cəzalanması lazım idi”.

Digər fanklub - “Bosman” isə həm Fazil Əsədovun cəzaya layiq bir iş görmədiyini iddia edir: Fazil Əsədov hakimin qərarına etiraz edərək onunla yüksək tonda danışmış və əvəzində hakim tərəfindən tribunaya göndərilmişdi. İK-nın qərarında tribunaya göndərilmiş Əsədovun orda təxribatçı söhbətlər edib azarkeşləri hakimə qarşı qaldırması göstərilir. Nəticədə guya fanatlar matçdan sonra hakimə fiziki təzyiq göstərib. Əsədovun da onların arasında olduğu bildirilir. Bunun belə olmadığını sübut etmək mümkündür.

Azarkeşlər Əsədova, həmçinin Bərdədə hakimin başına oyun açan “ABN-Bərdə”li oyunçuların cəzasının çox ağır olduğunu düşünür: "ABN-Bərdə" - "Rəvan" oyununda baş vermiş olaylara İK-nın çox sərt yanaşmasını əlavə etmək olar. Əlbəttə, məşqçi və futbolçuların belə hərəkətlərə yol verməsini əsla dəstəkləmirik. Lakin verilən cəzaların qeyri-obyektivliyinə münasibət bildirmək istəyirik. Birincisi, hadisələri hər iki tərəfi dinləməklə dəyərləndirməyin tərəfdarıyıq. İkincisi, gənc oyunçu və məşqçi futboldan 2-3 illik təcrid edilirsə, o zaman onların karyerası sual altına düşmüş olur. Futbolçunun 24-26 yaşı varsa və o 3 il də futboldan kənarlaşdırılırsa, sonra yenidən qayıdıb bir il də formaya düşəcəksə, deməli, karyerası təxminən bitmiş olur. Futbolumuzun bugünkü vəziyyətində gənc məşqçi və futbolçuların lazım olduğu vaxtda onları itirmək nə dərəcədə doğrudur?”

Lənkəranlı azarkeşlər Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə də müraciət edib: Bizdə hakimlik problemsiz olsaydı, niyə 2008/09 mövsümündə əksər oyunlara əcnəbi hakimlər dəvət edilirdi? AFFA rəhbərliyindən xahiş edirik ki, İK məşqçi, oyunçu və azarkeşləri cəzalandırdığı kimi, Hakimlər Komitəsi də həmin oyunların hakimlərinin işlərini müzakirə etsin və lazım gələrsə, onları da cəzalandırsın. Üzümüzü AFFA və PFL rəhbərinə tutub cəzaların yüngülləşdirilməsini Azərbaycan futbolu naminə xahiş edirik. PFL prezidenti Ramin Musayev cənablarına "Neftçi"də vitse-prezident vəzifəsində çalışarkən hakim ədalətsizlikləri ilə bağlı dəfələrlə çıxış etdiyini xatırladır və deyirik ki, hakimlər hələ də həmin hakimlərdi. "Xəzər Lənkəran" azarkeşinin imicinə də zərbə vurmuş olur. "Xəzər Lənkəran" azarkeşi çılğın olduğu qədər də, əxlaqlı, nizam-intizamlı və mədənidir”.
0