“Lig” TV “Bakı”nı çəkməyə gəlir
02.10.2009 - 18:16
“Lig” TV “Bakı”nı çəkməyə gəlir
“Bakı” klubunun yeni baş məşqçisi Bülənt Korkmaz hələ də Türkiyə mətbuatının diqqət mərkəzindədir. Hazırda Antalyada olan klubun vitse-prezident Tunc Afşar apasport.az saytına açıqlamasında bildirib ki, türkiyəli jurnalistlər Korkmazın çalışdırdığı komandaya böyük maraq göstərirlər. Qardaş ölkənin tanınmış idman kanalı olan “Lig” TV “Bakı”dan reportaj hazırlayacaq.

Afşarın sözlərinə görə, Korkmaz bununla bağlı təklifi qəbul edib: “Türkiyə Superliqası oyunlarının eksklüziv yayın hüququna malik həmin kanalın əməkdaşları bugünkü hazırlıq prosesimizə gələcək. Bu, Antalyada hazırkı toplanışımızda ilk məşqimiz olacaq. “Lig” TV-nin əməkdaşları “Bakı”nın düşərgəsindən eksklüziv reportaj hazırlayacaq, Korkmazdan müsahibə götürəcəklər”.

Qeyd edək ki, buna qədər qardaş ölkənin TRT telekanalı və İHA İnformasiya Agentliyi 41 yaşlı türkiyəli mütəxəssisdən Bakıda geniş müsahibə götürüb. Bu məqsədlə həmin media orqanlarının təmsilçiləri Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”nın məşq prosesini izləyib, baş məşqçiyə suallarını ünvanlayıblar. Türkiyə telekanallarında tez-tez görünən Korkmaz müqaviləyə əsasən, FOX TV-də şərhçilik edib.
0