“Mən Bülənt Korkmazı futbolçu kimi tanıyıram”
02.10.2009 - 23:00
“Mən Bülənt Korkmazı futbolçu kimi tanıyıram”
“Bakı” klubunun futbolçusu Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Öncə türkiyəli mütəxəssis Bülənt Korkmazın komandanıza baş məşqçi təyin olunmasıma münasibət bildirərdiniz...
- Mən onu ancaq futbolçu kimi tanıyıram. Baş məşqci kimi necədir, deyə bilmərəm. Azərbaycan yığmasının heyətində Korkmaza qarşı oynamışam. Futbolçu kimi çox yaxşı idi.

- Komandada hamı bunu bilir?
- Yerli futbolçular tanıyar, ancaq legionerləri deyə bilmərəm. Deyirlər, "Qarabağ"la oyunu izləyib. Məşqlərdə çox tələbkardır. Hər hərəkətimizə fikir verir, ayrı-ayrılıqda hamımızla görüşür. Birinci gündən komandaya deyib ki, onun üçün nizam-intizam əsasdır. Antalayaya getməmişdən əvvəlki gün bizi bir yerə yığdı. Oturub xeyli söhbətləşdik, futboldan danışdıq.

- Sabiq baş məşqçi Qyoko Hacıyevskidən nə ilə fərqlənir?
- Hər məşqçinin öz metodu var. Korkmaz bizi topla işlədir. Məşqdə nə tapşırıq verirsə, deyir, topla eləyin. Texnikalı futbolu xoşlayır. Bizə sürətli oynamağı tapşırıb.

- Necə fikirləşirsiniz, bundan sonra komandada nə dəyişəcək?
- Vallah, indidən heç nə deyə bilmərəm. Gərək bir müddət keçsin, sonra görəcəyik komandada nə dəyişdi. Hər şey yaxşı olmalıdır. Hafiz Məmmədova görə meydanda canımızı qoymalıyıq. Prezident olduğu üçün demirəm, həqiqətən yaxşı adamdır. Komanda uduzanda mən onunla üz-üzə gəlməkdən utanıram. İnşallah, bir də belə olmaz.

- Bülənt Korkmaz bütün futbolçuları yaxşı tanıdığını deyib və bununla bərabər, əsas heyətdə dəyişiklik edəcək?
- Nə deyə bilərəm... Buna da zaman lazımdır. Hər halda mənə ehtiyacı olacaq (gülür). Bəziləri deyir ki, Mahmudun vaxtı keçib. Yalan sözdür, mənim hələ 1-2 il oynamağa gücüm çatar. Məni kimdənsə zəif bilməsinlər. Həmişə rejimdəyəm, özümə fikir verirəm. Deyirlər ki, qaçmıram. Futbolda nə qədər lazımdır, qaçıram. Atlet deyiləm ki, ancaq qaçım. Qol pası verməsəm, meydanda gəzsəm, yenə onlar deyən idi. Korkmaz futbol görüb, məni daha yaxşı başa düşər.

- Millinin keçmiş lideri kimi Lixtenşteynlə matç barədə nə düşünürsünüz?
- Bu dəfə yaxşı olmalıdır. İstəmiriksə qrupda sonuncu yerdə olaq, var gücümüzlə çalışmalıyıq ki, qalib gələk.

- Yəqin ki, xəbəriniz var, Lixtenşteyn Finlandiya ilə heç-heçə edib. Biz isə öz meydanımızda uduzduq...
- Düzdür, bu, bizim son şansımızdır. Lixtenşteyn də bizi gözləyir. Onlara da bu oyundan 3 xal lazımdır, bizə də. Çox çətin oyun keçəcək. Azərbaycana qrupda 1 xal yaraşmır. Düzdür, heç vaxt böyük xal yığmamışıq. Amma yenə də, 1 xal çox azdır. Heç olmasa, 4 xal toplasaq, pis olmaz. İnşallah, inanıram, qalib gələcəyik
0