“Bakıda qazandığım pulları, Ukraynada xərcləyəcəyəm” - MÜSAHİBƏ
07.11.2009 - 12:35
“Bakıda qazandığım pulları, Ukraynada xərcləyəcəyəm” - MÜSAHİBƏ
Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Orest Skobelski Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis yığmamızın şərəfini qoruyan yetirməsi Mariya Stadnik, eləcə də ölkəmizdəki fəaliyyətindən geniş danışıb.

- Mariya Stadnikin dünya çempionu olması Ukraynada birmənalı qarşılanmadı. Məsələn, Ukraynaya bürünc gətirən Lyudmila Baluşka dedi ki, öz bayrağımız altında qazanılan 3-cü yer, başqası üçün əldə olunan qızıldan yaxşıdır...
- Belə şeylərə əhəmiyyət vermirəm. Mariya Azərbaycanı təmsil etməyə başlayandan bəri bu cür söhbətlər çox olub və onlardan qalmaqal qoxusu gəlir. Mariya isə mübarizə aparıb, nəticə qazana bildiyini sübut edir. Baluşkanın müsahibəsini televiziyadan izlədim. O, iki dəfə pul mövzusuna toxundu. Hiss olunur ki, bu, onun yaralı yeridir. Əslində, Lyudmila Stadnikin qonorarlarını heç təsəvvür edə bilməz. Amma Baluşka Mariyaya “çox sağ ol” deməlidir. Stadnik Ukraynada qalsaydı, Lyudmila yığmanı və dünya çempionatını görməzdi. Ukraynalı Yana Stadnik də Böyük Britaniyanı təmsil edirdi. Bir çəki dərəcəsində 3 ukraynalının olmasında nə pis şey var ki. Onların hamısı geri qayıtsa, yığmadakıların çoxu yerini itirəcək. Kişilərdə də belədir. Qafqazlılar müxtəlif yığmalarda çıxış edir. Qadın güləşində isə Ukrayna liderliyi ələ keçirir.

- Deyirlər ki, Mariya çempionat ərəfəsində Ukraynada məşq edib, həmyerliləri, o cümlədən Baluşka ilə döşək üzərində hazırlıq keçib...
- Atası ilə anası tanış olmasaydı, Mariya ümumiyyətlə olmazdı. Biz Rusiya və Qazaxıstanla birgə toplanış da keçirə bilərdik. Heç kim deyə bilməz ki, belə olan halda Stadnik çempion tituluna yiyələnməzdi. Biz sonuncudan əvvəlki hazırlıq prosesini Ukraynada təşkil etdik. Stadnik və Baluşka cəmi bir sınaq görüşünə çıxdı. Yaxşı ki, ukraynalı həmkarım Vladimir Yevonov komandalarımızın 1 nömrələrini üz-üzə gətirmədi. Çempionatda isə püşk cəmi bir Azərbaycan - Ukrayna “duel”inə imkan verdi. Stadnik Baluşka ilə görüşdü.

- Doğrudanmı, siz və Stadnik Azərbaycanda böyük pullar qazanırsınız?
- Böyük, yoxsa kiçik, mən haradan bilim? Bu dünyada hər şey nisbidir.

- Bəs güləş dünyası ilə müqayisədə?
- Vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi federasiya çox güclü işləyir. Mənim Azərbaycanda nə qədər qazandığımla maraqlananlara bir cavabım var: bu pulları Ukraynada xərcləyəcəyəm.

- Mariyanın çempionluğuna görə mükafat aldınız? Almısınızsa, nə qədər?
- Düzünü deyim ki, hazırda mükafat yoxdur. Yarışdan qayıtdıqdan sonra işlər elə gətirdi ki, görüş olmadı. Güləş federasiyasının rəhbərliyi Almaniyaya yollanmışdı. Biz də çıxıb Lvova, tətilə gəldik. Yeri gəlmişkən, dünya çempionatından sonra mükafatçılarla birlikdə Azərbaycan kanallarının birində səhər şousunda iştirak etdim.

- Hansı dildə danışırdınız?
- Rusca danışırdım, amma Ukrayna dilində düşünürdüm. Sonra beynimdə tərcümə edirdim. Balaca pauzalar yaranırdı. Aparıcılar birtəhər yola verirdi.

- Lvovdan kənarda yaşamağa təəssüflənmirsiniz?
- Təəssüflənirəm. Ancaq nəzərə almaq lazımdır ki, bu şəhəri həmişəlik tərk etməmişəm. Həm də Stadnikin lvovlu olmadığını demək olmaz. O, Lvov güləş tarixində ilk dünya çempionudur. Onun əzəli rəqibi İrina Merleni isə əslən Xmelnitskidən idi. Sadəcə, bizim şəhəri təmsil edirdi.

- Azərbaycan yığmasına rəhbərlik etməyə razı olmaq üçün çox fikirləşdiniz?
- Yox. Güləşdəki kimi, ani qərar verdim. Azərbaycan Güləş Federasiyasının rəsmilər məni müzakirələrə çağırmışdılar. Elə bilirdim ki, söhbət Stadnikin hazırlığından gedəcək. Lakin mənə milli komandanın baş məşqçisi vəzifəsi təklif olundu. Etiraf edim ki, öncə razılaşmadım. Bu düzgün deyil ki, Stadnik Ukraynada məşq keçsin, mən isə daha çox Azərbaycanda oturum. Amma məni inandıra bildirdilər. Onları məsələnin maddi tərəfi yox, inkişaf maraqlandırır. Federasiyanın vitse-prezidenti dedi ki, sən artıq işində uğur qazanmısan və sənin bacarığın bizə burada lazımdır. Nə gizlədim, Azərbaycan yığmasında işləmək mənə maraqlı gəldi. Ukraynada belə imkanım epizodik olub. İki il yeniyetmə qızlardan ibarət milli komandanı çalışdırmışam. O vaxt ildə bir dəfə Avropa çempionatı ərəfəsində toplanışa yığışırdıq. Əsas yığmada isə daim işləmək lazımdır.

- Ukrayna vətəndaşı kimi qalırsınız?
- Bəli. Vətəndaşlığımı dəyişmək nəyimə lazımdır.

- Azərbaycan dilini öyrənirsiniz?
- Gəlin belə uzağa getməyək. Bəlkə yenidən Ukraynada mənə ehtiyac yarandı. Hiss edirəm ki, Lvova lazımsız deyiləm. Vətənimdə mənə qərəzli münasibət də yoxdur. Bəlkə nə vaxtsa güləşdən də ayrılacağam.

- Bunu düşünməyə nə əsas verir?
- Fəaliyyət sahəsini dəyişmək həmişə mümkündür. Bu haqda indi düşünmürəm. Hərdən azərbaycanca bilmədiyimə təəssüflənirəm. İstərdim ki, məşq vaxtı yetirmələrimin azərbaycanca nə danışdıqlarını başa düşüm.

- Azərbaycan milli komandasına baş məşqçi təyin olunduqdan sonra yerli məşqçilərlə münasibətləriniz necədir?
- Mən onların çörəyini əlindən almış kimiyəm. Amma onlar federasiyanın qərarına müsbət yanaşdılar. Axı mən heç kimi yerindən sıxışdırmamışam. Yığmada yaxşı mütəxəssislər işləyir. Güləşi çox yaxşı bilirlər. Lakin qadın güləşinin incəliklərinə yiyələnməyiblər. Deməli, hələ onlara nə isə öyrətməliyəm.

- Stadnik vaxtının çoxunu Ukraynada keçirirdi. Sizin baş məşqçi olmağınız vəziyyəti dəyişib?
- Yox. Mariya yenə daha çox Lvovda olur. Əri də oradadır. Ona orada daha rahatdır. Azərbaycanda isə mentalitet fərqlidir. Orada ukraynalılara psixoloji cəhətdən çətindir.

- Ailəniz Azərbaycanda işləməyinizi necə qarşıladı?
- Deyə bilmərəm ki, sevindilər. Yayda yoldaşım Olya və övladımız mənimlə birlikdə Azərbaycanda idi. İndi isə onlar Lvovdadırlar. Onları yollarda yormaq istəmirəm.

- Ukraynada Mariyadan başqa tələbələriniz də var idi. Onların taleyi necə oldu?
- İrina Qusyak və Kristina Kaufman Ukrayna yığmasında çıxış edir. Bir-iki oğlan tələbəm də var idi. Onlar başqa məşqçi ilə hazırlaşırlar. Çoxları elə bilirdi ki, Skobelski getdisə, yetirmələrini də ardınca Azərbaycana aparacaq. Heç buna cəhd də etməmişəm.

- Ukrayna Güləş Federasiyası ilə münasibətləriniz necədir?
- Normal. Hələ problem yoxdur. Dünya çempionatında sonra yaxınlaşıb dedilər ki, “Vəssalam! Səni geri qaytarırıq”.

- Həqiqətən Ukraynaya qayıtmağı düşünürsünüz?
- Mariya Stadniki qaytarmaq Ukrayna üçün çox çətin olacaq. Ona görə yox ki, o istəmir. Azərbaycan Güləş Federasiyası onu asanlıqla buraxmayacaq. Lakin belə keçidlərə nümunələr var. Hər şey federasiyalar arasındakı danışıqlardan asılıdır.
0