Peşəkar boksda yeni rekord!
16.11.2009 - 14:26
Peşəkar boksda yeni rekord!
Filippinli Menni Pakyao bütün 7 çəki kateqoriyasının hamısında çempionluq kəmərini qazanan ilk boksçu kimi tarixə düşüb. Apasport.az saytının məlumatına görə, Puerto-Riko təmsilçisi Migel Kotto üzərində inamlı qələbə qazanan Pakyao Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə çempion olub.

ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş görüş filippinlinin aşkar üstünlüyü ilə keçdiyi üçün 12-ci raundda dayandırılıb. 30 yaşlı Pakyao bütün döyüş boyu rəqibi üzərində dominantlıq edib. O, hələ 3-cü və 4-cü raundlarda Kottonu nokdauna göndərib. Döyüşün sonlarında 29 yaşlı Kottonun sifəti şişib, burnundan və sifətindəki çapılmış yaralardan qan gəlib.

Bu, Menni Pakyao üçün 7 müxtəlif çəki kateqoriyasında 7-ci dünya çempionluğu kəməridir. O, karyerası ərzində 50 qələbə qazanıb, 3 dəfə məğlub olub. Qələbələrdən 38-də nokaut qeydə alınıb. Kotto üzərində qələbədən sonra Pakyaonun indiyədək məğlub olmayan Flod Meyvezerlə döyüşmək imkanı yaranıb.

Mənbə: lent.az
0