Ruslan Abışov 38-ci oldu
19.11.2009 - 14:24
Ruslan Abışov 38-ci oldu
Bakının “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov Azərbaycan milli komandasında qol vuran 38-ci futbolçu olub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu bu uğuru əsas yığmamızda keçirdiyi 5-ci oyunda qazanıb. Ruslan Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində təşkil olunan beynəlxalq turnirdə 3-cü yer uğrunda Çexiya yığması ilə görüşdə son nöqtəni qoyub - 2:0.

Hücuma qoşulan mərkəz müdafiəçimiz oyunda ilk qolun müəllifi Vaqif Cavadovun künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirməklə, güclü rəqib üzərində inamlı qələbəmizi rəsmiləşdirib. Özü də nəzərə almaq lazımdır ki, artıq təkcə ayaqla yox, hava ötürmələrindən də rəqib qapısına yol tapa bilirik. Çünki çexlərə hər iki qolu başla vurmuşuq.

“Neftçi”nin yetirməsi olan Abışov indiyədək yalnız flaqmanın şərəfini qoruyub. Özü də paytaxt klubunun heyətində milli çempionatımızda keçirdiyi 44 görüşdə ona qol vurmaq nəsib olmayıb. Karyerasında nadir hallarda rəqib qapısına yol tapan Abışov sonuncu dəfə bir il öncə fərqlənib. Solaxay müdafiəçi 2008-ci ilin noyabrın 5-də ölkə kubokunun 1/8 mərhələsi çərçivəsində MOİK-lə cavab görüşündə böyük hesablı qələbədə (3:0) pay sahibi olub. Milli komandamıza Berti Foqtsun dövründə cəlb olunan Abışov Finlandiya yığması ilə sentyabrın 5-də Lənkəranda keçirilən rəsmi oyunda (1:2) debüt edib. Ancaq həmin görüşdə adət etmədiyi mövqedə, yəni müdafiənin sol cinahında yer alan Ruslanın oyunu uğursuz alındığı üçün fasilədə əvəzlənib. Yığmamızın kapitanı Rəşad Sadıqovun zədə ucbatından kənarda qaldığı vaxtda müdafiənin mərkəzində yer alan Ruslan komanda yoldaşının yoxluğunu unutdurur və inamlı, soyuqqanlı oyunu ilə əsas heyətdə yerini möhkəmlədib.

Abışovun qol hesabını məhz çexlərlə görüşdə açmasında da maraqlı məqam var. Belə ki, müdafiəçi ona yaxşı tanış olan Vlastimil Petrjelanın həmyerlilərini məyus edib. Ruslanın “Neftçi”də əsas heyətə düşməsində Petrjelanın rolu danılmazdır. Abışova inanan Petrjela onu Rəşad Sadıqovla birgə müdafiənin mərkəzində oynadıb, səviyyəsinin, özünəinam hissinin artmasına imkan yaradıb.
0