“Azərbaycana uduzmağı şərəfsizlik saymıram” MÜSAHİBƏ
19.11.2009 - 14:47
“Azərbaycana uduzmağı şərəfsizlik saymıram” MÜSAHİBƏ
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq turnirdə 3-cü yer uğrunda oyunda Azərbaycan milli komandasının qalib gəldiyi Çexiya yığmasının baş məşqçisi Mihal Bilek müsahibə verib. Apasport.az saytının məlumatına görə, çexiyalı jurnalistlərlə həmsöhbət olan mütəxəssis yarış çərçivəsində hər iki məğlubiyyət barədə fikirlərini bölüşüb.

- Turnirdəki çıxışınızdan razı qaldınızmı? Çexiya yığması Azərbaycana da uduzaraq, 4-cü yerlə kifayətləndi...
- Mən buna məyus olmuram. Amma özümü xoşbəxt də saymıram. Bir daha deyirəm ki, bu, sadəcə hazırlıq idi və bütün oyunçuları da sınaqdan keçirdim.

- BƏƏ və Azərbaycana məğlubiyyətləri Çexiya futbolunun rüsvayçılığı və şərəfsizliyi kimi qəbul edirsinizmi?
- Təbii ki, milli komandanın istənilən məğlubiyyəti mənfi əhval-ruhiyyə yaradır. Amma belə deməzdən öncə Azərbaycan yığmasının oyununa baxmaq lazımdır. Onlar düşündüyünüz qədər zəif komanda deyil. Ötən ay Azərbaycanın Rusiya ilə heç-heçə etdiyini xatırlamaq kifayətdir.

- Konkret Azərbaycanla oyunda niyə qələbə qazana bilmədiniz?
- Fasiləyədək hər şey qaydasında idi. Biz rəqibi elə sıxışdırmışdıq ki, onlara boş sahə verməmişdik. Hətta oyun üslubumuz da məni sevindirirdi. Çünki biz lazım olduğu və istədiyimiz kimi oynayırdıq. Rəqibimizi təzyiq altında saxlayırdıq. Lakin təəssüf ki, hücumlarımızın kəsəri, keyfiyyət yox idi. Buna görə də qol imkanlarımız demək olar ki yox dərəcəsində idi. Fasilədən sonra isə hər şey BƏƏ ilə matçdakını xatırladırdı.

- BƏƏ səfərindən sonra oyun üslubunuzu dəyişmək fikrində deyilsiniz ki?
- Əsla. Çünki hücum futbolu daha yaxşıdır. Sadəcə, hər iki hissədə belə oynamaq lazımdır. Həm də Azərbaycan və BƏƏ ilə görüşlərdən fərqli, hücum futbolunda keyfiyyət də yüksək olmalıdır.
0