“Yəqin ki, indi Blatterlə Platini bir-birlərinə sevinc dolu SMS-lər göndərirlər”
19.11.2009 - 15:30
“Yəqin ki, indi Blatterlə Platini bir-birlərinə sevinc dolu SMS-lər göndərirlər”
İrlandiya milli komandasının kapitanı Robbi Kin FİFA və UEFA prezidentlərinə sataşıb. Apasport.az saytının məlumatına görə, Londonun “Tottenhem” klubunda çıxış edən 29 yaşlı hücumçu Yozef Blatterlə Mişel Platininin “bostanına daş atıb”. Kinin heyətində yer aldığı yığma 2010-cu il dünya çempionatının pley-off mərhələsi çərçivəsində Fransa ilə səfərdə keçirilən cavab görüşünün əsas vaxtında 1:0 hesablı qələbə qazanıb. Meydan sahibləri əlavə 30 dəqiqədə hesabı bərabərləşdikləri zamanı qolu qaydalar çərçivəsində vurmayıblar. Məhsuldar ötürmə müəllifi olan fransalı hücumçu Tyerri Anri həmin epizodda əllə oynayıb.

Rəqiblə müqayisədə meydanda daha yaxşı təsir bağışladıqlarını, CAR-a vəsiqə qazanmağa layiq olduqlarını deyən Robbi FİFA-nın bu və ya digər yığmanın dünya çempionatında iştirak etməsində maraqlı olduğuna görə günahlandırıb: “Mən bu milli komandanın kapitanı olduğum üçün fəxr edirəm. Çünki hesab edirəm ki, iki oyunun nəticəsinə görə biz daha yaxşı təsir bağışladıq. Ancaq bunun müqabilində dünya çempionatından kənarda qalmağımız üzücüdür. Biz qələbəyə layiq idik. Bütün dünya gördü ki, Anri qapımız qarşısında əllə oynadı. Bircə o qalmışdı ki, topu əli ilə tutaraq qapımıza daxil etsin. Ancaq hakim qolu hesaba aldı. Təsəvvür edirəm ki, indi Blatterlə Platini necə sevinirlər. Axı onlar yaxınlarda püşkatmanı keçirməlidirlər. Yəqin ki, indi bir-birlərinə sevinc dolu SMS-lər göndərirlər. Axı Fransa CAR-a gedəcək”.

Qeyd edək ki, fransalı Platini milli komandasının heyətində 1984-cü ildə Avropa çempionu olub. Blatterin həmyerliləri, yəni isveçrəlilər də gələn yay dünya çempionatında iştirak edəcək. İsveçrə yığması bu hüquqa seçmə mərhələdə qrup qalibi kimi yiyələnib.
0