“Qəbələ”də ciddi itkilər
19.11.2009 - 15:41
“Qəbələ”də ciddi itkilər
“Qəbələ” Azərbaycan çempionatının ilk dövrəsinin son turunda Sumqayıtın “Standard” komandası ilə səfər oyununa ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, qəbələlilərin çalışdırıcısı Ramiz Məmmədov sabahkı görüşdə 4 əcnəbi futbolçu - Maksim Skoroxodov, Arif Daşdəmirov, Revaz Getsadze və Milan Antiçin xidmətindən istifadə edə bilməyəcək. İlk 3 futbolçu zədə, sonuncu isə cəza ucbatından oyunu kənardan izləyəcək.

“Qəbələ”nin olimpiya yığmamızın şərəfini qoruyan müdafiəçisi Vurğun Hüseynovun da sabah meydana çıxmayacağı gözlənilir. Belə ki, milli komandamız son rəsmi oyununu keçirdiyi Avstriyadan hələ qayıtmayıb. Onu da nəzərə alaq ki, Avstriyada qapıçımız Elçin Sadıqov qırmızı vərəqə aldığından, Hüseynov 56 dəqiqədə “çərçivə”ni qorumalı olub və iki qol buraxıb (0:4).

Qeyd edək ki, “Standard”la oyuna hazırlığı bu gün başa vuran “Qəbələ” son məşqini rəqiblə görüşəcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib. Qəbələlilər Sumqayıtın yaxınlığında yerləşən, vaxtilə milli komandamızın da məskunlaşdığı “Neapol” otelində məskunlaşıb.
0