Fərhad Vəliyev də tarixə düşdü
19.11.2009 - 17:46
Fərhad Vəliyev də tarixə düşdü
Azərbaycan milli komandasının qapıçısı Fərhad Vəliyev üçün Çexiya yığması ilə oyun əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu Berti Foqtsun yığmamıza rəhbərlik etdiyi 19 ayda ilk dəfə qapısının toxunulmazlığını qoruya bilib. Özü də qapıçı buna yığmada yubiley - 30-cu oyununda nail olub.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə 3-cü yer uğrunda görüşdə Çexiya yığması üzərində qazandığımız möhtəşəm qələbə (2:0) Foqtsun milli komandamızın baş məşqçi postunda 22-ci görüşü idi. 63 yaşlı alman mütəxəssis bu oyunlarda 3 qapıçı - Fərhad Vəliyev, Kamran Ağayev və Rauf Mehdiyevə şans verib. Cəmi iki görüşdə meydana çıxan Mehdiyev Foqtsun debüt oyunu (Bosniya və Herseqovinana qarşı yoldaşlıq matçı, 0:1) və ötən ilin son görüşündə (Albaniya ilə Bakıda yoldaşlıq görüşü, 1:1) qapını qoruyub.

Yığmamızın əsas qapıçısı Kamranın uzun müddət zədədən əziyyət çəkdiyini və cəmi 8 oyunda çıxış etdiyini nəzərə alsaq, oyunların yarıdan çoxu (13) Vəliyevin payına düşür. O, bu görüşlərdə 21, ümumilikdə isə 44 qol buraxıb. Kamran isə 8 oyunda 8 dəfə topu qapısından çıxarıb. Milli komandamız Foqtsun dövründə çexlərə qədər yalnız iki oyunda qol buraxmamışdı ki, bunlar 2010-cu il dünya çempionatının seçmə mərhələsində Lixtenşteynlə görüşlərdir (evdə 0:0, səfərdə 2:0). Həmin “quru oyun”lar 23 yaşlı Kamranın aktivinə yazılıb.

Qeyd edək ki, Fərhad indiyədək sonuncu dəfə ötən ilin fevralın 3-də Qazaxıstan yığması ilə Türkiyənin Antalya şəhərində keçirilmiş yoldaşlıq görüşündə (0:0) qol buraxmamışdı. Gənc qapıçı 21 aydan sonra bu göstəricisini təkrarlayıb.
0