“ANŞAD-Petrol”: nə oldu sənə, nə oldu böylə?
20.11.2009 - 10:49
“ANŞAD-Petrol”: nə oldu sənə, nə oldu böylə?
Azərbaycan çempionatının I divizionunda daha bir oyun təxirə salınıb. Apasport.az saytının məlumatına görə, noyabrın 21-də keçirilməsi nəzərdə tutulan “Şahdağ” - “ANŞAD-Petrol” matçı gözlənilən vaxt baş tutmayacaq. Buna Neftçla təmsilçisinin növbəti dəfə Peşəkar Futbol Liqasına (PFL) müraciət etməsi səbəb olub.

Bir müddət əvvəl təsisçisini itirən və bu səbəbdən maliyyə problemləri ilə üzləşən “ANŞAD-Petrol” rəhbərliyi artıq PFL-dən 2 dəfə sponsor axtarışları üçün vaxt istəmişdi. Əvvəlcə VII turda “Energetik” və VIII turda “Rəvan”la səfər matçları təxirə salınmışdı. Sonradan “Gəncə” ilə ev oyununun da təxirə salınmasını istəyən neftçalalılar X tur ərəfəsində problemini demək olar, həll etmişdi. Buna görə də həm onların rəqibi, həm də təşkilatçılar noyabrın 21-də qarşılaşmanın keçiriləcəyinə ümid edirdi. Lakin yenidən PFL-ə üz tutan Neftçala komandası matçın başqa vaxta keçirilməsini xahiş edib. Nəticədə qurum “ANŞAD-Petrol”un ardıcıl dördüncü oyununun təxirə salınmasına barədə qərar verib.
0