Azərbaycan - Rusiya: Ən erkən qol, penalti, “quru seriya” və 1 xal
20.11.2009 - 11:17
Azərbaycan - Rusiya: Ən erkən qol, penalti, “quru seriya” və 1 xal
Rusiya mətbuatı milli komandalarının 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki çıxışına yekun vurub. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız Azərbaycan yığması ilə bağlı statistik məqamlara da toxunub. Şimal qonşularımız ötən seçmə mərhələdə ən erkən qolu Bakıda vurublar. Rusiya yığmasının kapitanı Andrey Arşavin oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 13-cü dəqiqəsində Kamran Ağayevin qoruduğu qapıya yol tapıb.

Müdafiəçi Sergey İqnaşeviç isə Bakıda antirekorda imza atıb. Belə ki, ruslar ötən seçmə mərhələdə yalnız milli komandamızla oyunda penaltini dəqiq yerinə yetirə bilməyib. Ağayev İqnaşeviçin zərbəsini dəf etməklə, onun “fərqlənməsinə” imkan yaradıb. Rusiya yığması son seçmə mərhələdə ümumilikdə 4 penalti zərbəsi vurub ki, ilk 3 halda Roman Pavlyuçenko dəqiq olub. Ancaq bu hücumçu Bakıdakı görüşü vərəqə limitini aşıb, cəzalı duruma düşməmək üçün tribunalardan izləyib.

Hər halda, Pavlyuçenkonun milli komandamızla bağlı bir göstəricisi var. O, yığmamızla matçda rusların seçmə mərhələdə cərimə zərbəsindən birbaşa vurduğu iki qoldan birinin müəllifidir. Roman martın 28-də Moskvada “Lujniki” stadionunda keçirilən görüşdə qapıçımız Fərhad Vəliyevi məyus edib.

Rusiya yığmasının qapıçısı İqor Akinfeyev də milli komandamızın hesabına fərqlənib. Bakıda Vaqif Cavadovun zərbəsi önündə aciz qalmış 23 yaşlı Akinfeyev ötən seçmə mərhələdə 5 ardıcıl oyunda qapısını toxunulmaz saxlayıb. 565 dəqiqə davam edən həmin “quru seriya”ya milli komandamızla ev oyunu (2:0) da daxildir.

Şimal qonşularımız yalnız bir rəqibə hər iki qarşılaşmada uduzublar. Bu, qrup qalibi qismində dünya çempionatına birbaşa vəsiqə qazanan Almaniya yığmasıdır. Milli komandamızın üstünlüyü ondan ibarətdir ki, Finlandiya, Uels və Lixtenşteyndən fərqli, ruslardan xal alıb. Seçmə mərhələnin axırıncı matçında Bakıda 1:1 hesabı qeydə alınmışdı.

Xatırladaq ki, qrupda 2-ci yeri tutan Rusiya pley-offa çıxsa da, Sloveniya ilə görüşdə dünya çempionatına vəsiqə qazana bilməyib. Azərbaycan yığması isə 5 xalla qrupda 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
0