AÇ-2012-nin seçmə mərhələsində 5 rəqibimiz olacaq
20.11.2009 - 11:29
AÇ-2012-nin seçmə mərhələsində 5 rəqibimiz olacaq
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının (AÇ) seçmə mərhələsinin püşkatması zamanı milli komandaların yer alacağı səbətlərin yekun tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının pley-off mərhələsi başa çatdıqdan sonra AÇ-2012-nin seçmə oyunlarında iştirak edəcək 51 kollektivin hər birinin potensial rəqibləri məlum olub. 2010-cu il fevralın 7-də Polşanın paytaxtı Varşavada atılacaq seçmə mərhələnin püşkü atılacaq. Həmin mərasimdə iştirakçılar 9 qrupa bölünəcək. A-F qruplarının hər birində 6, G-İ qruplarında isə 5 komanda mübarizə aparacaq. Püşkatma zamanı ilk 5 səbətdə 9, sonuncu səbətdə isə 6 yığma yer alacaq. Avropanın ən zəif 6 yığması da məhz 6 komandadan ibarət qruplara paylanacaq. Sonuncu səbətdə ən yüksək reytinqə malik Azərbaycan milli komandasının da 6 komandalı qrupa düşəcəyi dəqiqdir.

I səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Xorvatiya, Portuqaliya, Fransa, Rusiya.

II səbət: Yunanıstan, Çexiya, İsveç, İsveçrə, Serbiya, Türkiyə, Danimarka, Slovakiya, Rumıniya.

III səbət: İsrail, Bolqarıstan, Finlandiya, Norveç, İrlandiya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Bosniya və Herseqovina.

IV səbət: Sloveniya, Latviya, Macarıstan, Litva, Belarus, Belçika, Uels, Makedoniya, Kipr.

V səbət: Çernoqoriya, Albaniya, Estoniya, Gürcüstan, Moldova, İslandiya, Ermənistan, Qazaxıstan, Lixtenşteyn.

VI səbət: AZƏRBAYCAN, Lüksemburq, Malta, Farer adaları, Andorra, San-Marino.

Qeyd edək ki, seçmə mərhələnin oyunları gələn ilin sentyabrında start götürəcək. 2011-ci ilin noyabrınadək davam edəcək yarışlar şənbə və əvvəlki kimi çərşənbə deyil, çərşənbə axşamları keçiriləcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən bir komanda birbaşa AÇ-2012-nin final mərhələsinə yüksələcək. İkinci yeri tutan digər 8 kollektiv isə pley-offda qarşılaşaraq, son dörd “xoşbəxt”i müəyyənləşdirəcək.
0