“Rabitə” 950 polşalı azarkeşi şoka saldı
02.12.2009 - 10:38
“Rabitə” 950 polşalı azarkeşi şoka saldı
Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda yarışda uğurlu start götürüb. Apasport.az saytının məlumatına görə, komandamız yarışın 1/16 finalında Polşada yerli “İmpel Qvardiya”nı məğlub edib – 3:1. Vrotslav şəhərində 950 tamaşaçının izlədiyi matç 96 dəqiqə davam edib. İlk iki setdə çətinlik çəkən voleybolçularımız daha sonra rəqibi asanlıqla üstələyib (25:20; 24:26; 25:15; 25:11). Cavab görüşü dekabrın 10-da ölkəmizdə keçiriləcək.

Bu gün “Çağırış” kubokunda daha 3 klubumuz mübarizəyə qoşulacaq. Qadın voleybolçuların yarışında “İqtisadçı” İstanbulda “Qalatasaray”ı, “Lokomotiv” isə İsraildə RAANANA-nı sınağa çəkəcək. Kişilərdən ibarət “Azərneft” isə səfərdə “Foinikas”la (Yunanıstan) qarşılaşacaq.

Azərbaycanın ən titullu klubu “Azərreyl”ə gəlincə, bu komanda sabah CEV kubokunun 1/16 finalında Avstriyada “SVS Post Şveşat”la oynayacaq.
0