Ardıcıl 3 klubumuz avrokubokda mərhələ adladı - YENİLƏNİB
09.12.2009 - 20:01
Ardıcıl 3 klubumuz avrokubokda mərhələ adladı - YENİLƏNİB
Bu gün Bakı İdman Sarayında yenə voleybol həyəcanı yaşanıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda “Çağırış” kubokunun ikinci mərhələsinin iki cavab görüşü keçirilir. Öncə kişilərdən ibarət “Azərneft” mübarizə aparıb. Bir azdan qadınlardan təşkil olunmuş “Lokomotiv” meydana çıxacaq. Hər iki komandamız ilk oyunda səfərdə minimal fərqlə uduzub.
Xatırladaq ki, dünən Bakı İdman Sarayında çıxış etmiş “Azərreyl” CEV kubokunun 1/8 finalına yüksəlib.

“Çağırış” kuboku, ikinci mərhələnin cavab görüşləri
9 dekabr
Kişilər

saat 16:00. “Azərneft” - “Foinikas” (Yunanıstan) - 3:1 (25:20; 25:23; 19:25; 25:14)
İlk oyun - 2:3
Birinci set:“Azərneft” ilk texniki fasiləyə üstün yollandı - 8:4. Təşəbbüsü əldən verməyən komandamız setin sonlarına yaxın yenə irəlidə oldu (16:11). Set 26 dəqiqəyə başa çatdı. “Azərneft” ilk setdə 25:20 hesabı ilə qalib gəldi.
İkinci set:Deyəsən, “Foinikas” birinci setdəki məğlubiyyətdən nəticə çıxarıb. Təsadüfi deyil ki, Yunanıstan təmsilçisi ilk texniki fasilədə 8:4 hesabı ilə öndə idi. Buna baxmayaraq, voleybolçularımız toparlanmağı bacardılar və oyunu bərabərləşdilər. “Azərneft” hətta ikinci texniki fasiləyə də qalib getdi (16:15). Bunun məntiqi nəticəsidir ki, əzmkar komandamız 25:23 hesablı qələbə qazandı. Bu dəfə set 29 dəqiqə davam etdi. “Azərneft”ə növbəti mərhələyə yüksəlməsi üçün bir set lazımdır.
Üçüncü set:Yenə qonaqlar təşəbbüsü ələ alıblar. Buna görə də onlar həm birinci, həm də ikinci texniki fasilədə qalib gəliblər (16:12).25 dəqiqənin tamamında isə “Foinikas” setdə qələbəsini rəsmiləşdirib - 25:19.
Dördüncü set:Həlledici məqamda diqqətli oynamağa başlayan “Azərneft” ilk seti 8:4 hesabı ilə öz xeyrinə başa vurdu.Təzyiqi artıran komandamız ikinci texniki fasilədə üstün yollandı - 16:8. Voleybolçularımız rəqibə aman verməyərək, yunanları 3:1 hesabı ilə məğlub etdilər. Beləliklə, “Azərneft” növbəti mərhələyə yüksəldi.

Qadınlar
saat 18:30. “Lokomotiv” - RAANANA (İsrail) - 3:0 (25:19; 25:17; 25:12)
İlk oyun - 2:3
Birinci set:Setin əvvəli xala-xal prinsipi getdi. İkinci texniki fasilədən təşəbbüsü ələ keçirən voleybolçularımız birinci setdı qələbə qazandılar.
İkinci set:Məğlubiyyətdən nəticə çıxaran RAANANA setə yaxşı başladı. İsraillilər hətta 7:5 hesabı ilə önə keçməyə də nail oldular. Yalnız bundan sonra təzyiqi artıran “Lokomotiv” tezliklə, 9 top fərqi ilə (21:12) üstünlüyə yiyələndilər. Rəqibin bizim voleybolçularımıza çatması müşkülə çevrildi - 25:17.
Üçüncü set:Bu setdə isə voleybolçularımız rəqibə göz açmağa imkan vermədilər. Bunu hesab arasındakı fərqdən də görmək olar - 25:12. Beləliklə, “Azərreyl” və “Azərneft”in ardınca “Lokomotiv” də avrokuboklarda mərhələ adladı.
0