Komandamızın “Qalatasaray”la oyununda qalmaqal! - EKSKLÜZİV
15.12.2009 - 11:46
Komandamızın “Qalatasaray”la oyununda qalmaqal! - EKSKLÜZİV
“İqtisadçı”da baş məşqçi dəyişikliyinin əsl səbəbi odur ki, mən bu klubda işi davam etdirməkdən imtina etmişəm”. Bunu apasport.az saytına qadın voleybolçulardan ibarət Bakının “İqtisadçı” klubunun ukraynalı sabiq baş məşqçisi Vladimir Podkopayev deyib.

Dekabrın əvvəllərində komandadan ayrılan Podkopayev “Çağırış” kubokunun ikinci mərhələsində İstanbulda yerli “Qalatasaray”la görüşdən sonra qəti addım atıb. Ukraynalı çalışdırıcı istefa verməsində klub rəhbərliyini günahlandırıb: “İqtisadçı” rəhbərliyinin məşqçilərin işinə daimi müdaxiləsi belə qərar verməyimlə nəticələndi. Bu müdaxilə “kim pul verirsə, o da mahnı sifariş edir” misalına bənzəyirdi. İstanbulda “Çağırış” kubokunda ilk oyunumuz ərəfəsində klubun direktoru mənə və bəzi yetirmələrimə qarşı səhv hərəkətlər etdi, ünvanımıza təhqiredici ifadələr işlətdi. Hələ oyun zamanı baş verənləri demirəm. Klubun menecmentliyinin nümayəndələri, yəni voleybolu qətiyyən başa düşməyən şəxslər mənim meydançadakı hərəkətlərimə rəhbərlik etməyə çalışırdılar. Birinci setdən sonra onlar tribunadan aqressiv şəkildə mənə bildirirdilər ki, kim oynamalıdır və kimi meydandan çıxarmaq lazımdır. “Qalatasaray”la görüşün ardından vəzifəmdən getmək qərarına gəldim. Klub rəhbərliyi kimi, komandanın üzvləri də mənimlə heç danışmaq istəmədilər. Bundan sonra məni və bəzi voleybolçuları oyun alqı-satqısında ittiham etmək absurddur”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Xatırladaq ki, “İqtisadçı” dekabrın 2-də səfərdə “Qalatasaray”a 0:3 hesabı ilə məğlub olub. Bakıya qayıtdıqdan sonra klub rəsmiləri Podkopayevin yerinə rusiyalı Pyotr Xilkonu təyin edib. Yeni baş məşqçinin gəlişinə baxmayaraq, “İqtisadçı” cavab görüşündə də eyni hesabla uduzaraq, mübarizəni erkən dayandırıb.
0