Yığmanın ən yaxşı futbolçularının adları açıqlandı - YENİLƏNİB
21.12.2009 - 13:41
Yığmanın ən yaxşı futbolçularının adları açıqlandı - YENİLƏNİB
Bu gün 2009-cu ildə Azərbaycanın qadın, futzal, çimərlik futbolu və əsas milli komandasnın ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkil etdiyi sorğunun mükafatlandırma mərasimi “Landmark” biznes mərkəzinin “Rotunda” zalında keçirilib. Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, klubların rəsmiləri, baş məşqçiləri, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Öncə milli komandanın üzvləri zala dəvət olunublar. Baş məşqçi Berti Foqts isə mərasimə qatıla bilməyib. Buna səbəb Almaniyada güclü qar yağması üzündən təyyarə reyslərinin təxirə salınmasıdır. UEFA-nın Avro-2008-lə bağlı hazırladığı çarx izlənildikdən sonra AFFA-nın baş katibi Elxan Məmmədov nitq söyləyib:“İzlədiyimiz çarx bizim üçün bir siqnaldır. İnşallah, tezliklə bizim yığmamız da Avropa çempionatında iştirak hüququna yiyələnəcək. 2009-cu il bol futbolla yadda qalıb. Əsas milli komandamız uğurlu, intizamlı oyun göstərib. Futzal yığmamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb, qızlarımız yaxşı təsir bağışlayıblar. Üstəlik, çimərlik futbolu üzrə milli komandamız Avropanın reytinq cədvəlində 9-cu yerə yüksəlib”.

Milli komandanın ən yaxşı futbolçusu və qapıçısı ilə bağlı sorğunun ilk dəfə keçirildiyini xatırladan baş katib Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ardından Çingiz Hüseynzadə və İsmayıl İsmayılov çıxış edib.

İlin ən yaxşı qadın futbolçusu Ana Atayeva olub. Ona mükafatı Çingiz Hüseynzadə təqdim edib.

İlin ən yaxşı futzalçısı Rizvan Fərzəliyev seçilib. Ona mükafat veteran futbolçu Ələkbər Məmmədov tərəfindən verilib.

Çimərlik üzrə yığmanın ən yaxşı futbolçusu Elvin Quliyev olub. Quliyevə mükafat AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən verilib.

Ən sonda əsas milli komandanın ən yaxşı futbolçusu və qapıçısının adları açıqlanıb. Bu nominasiyada sorğu Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri, kapitanları, əsas milli komandanın baş məşqçisi, texniki direktor və veteran futbolçu - İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov arasında keçirilib. Yığmanın ən yaxşı qapıçısı Kamran Ağayev seçilib. Ona mükafatı veteran futbolçu İsgəndər Cavadov verib. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov isə milli komandanın ən yaxşı futbolçusu seçilən Vaqif Cavadovu mükafatlandırıb.

Daha sonra qaliblər səhnəyə dəvət olunublar və onların hər birinə “Azercell” şirkəti tərəfindən qol saatları bağışlanılıb.

Qeyd edək ki, sorğunun informasiya dəstəklərindən biri də apasport.az saytıdır.
0