“Azərreyl” 27 qat Türkiyə çempionuna uduzdu - YENİLƏNİB
07.01.2010 - 20:07
“Azərreyl” 27 qat Türkiyə çempionuna uduzdu - YENİLƏNİB
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün avrokuboklar çərçivəsində növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Adnan Kistakın yetirmələri CEV kubokunun 1/8 final mərhələsində 27 qat Türkiyə çempionu “Əczaçıbaşı” ilə qarşılaşıb. Saat 18:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində başlayan oyunda komandamız meydandan məğlub ayrılıb.

“Azərreyl” - “Əczaçıbaşı” - 2:3 (25:23; 25:23; 21:25; 10:25; 15:17)

Birinci set: Oyuna fəal başlayan türklər setin böyük hissəsində hesabda üstünlüyə yiyələnib. “Azərreyl” yalnız setin sonlarında rəqibə çatıb. Daha da gərgin xarakter alan mübarizədə həlledici xalları isə voleybolçularımız qazanıblar. Nəticədə komandamız ilk setdə minimal fərqlə qalib gəlib.

İkinci set: Türklər ikinci hissəyə də yaxşı başlasalar da, sonda sevinən voleybolçularımız olub. Komandamız yenə 25:23 hesablı qələbə qazanaraq, üçüncü setə üstün çıxıb - 2:0

Üçüncü set: Komandamız üçüncü setdə də qələbəyə yaxın idi. Amma setin sonlarında arxayınlaşan voleybolçularımız yekunda 21:25 hesabı ilə uduzub.

Dördüncü set: Voleybolçularımız rəqibinin gücü qarşısında aciz qalır. Cəmi 10 xal qazanan komandamız bu dəfə daha böyük fərqlə yenildi - 10:25.

Tay-breykdə özünə gələn komandamız qələbə qazanmağa yaxın idi. Amma voleybolçularımız 15:17 hesabı ilə uduzaraq, cavab matçına məğlub durumda çıxacaq.

Xatırladaq ki, Avropa miqyaslı yarışlarda ölkəmizin şərəfini qoruyan digər klublarımız - “Lokomotiv”, “Rabitə” və “Azərneft” səfərdə 1:3 hesabı ilə uduzublar.
0