Boliviyalı futbolçu “Xəzər-Lənkəran”da - FOTO
18.01.2010 - 18:05
Boliviyalı futbolçu “Xəzər-Lənkəran”da - FOTO
Rusiyanın “Vityaz” komandasına qarşı keçirilən yoxlama oyunu “Xəzər-Lənkəran”da baxışda olan legionerlərin taleyinə aydınlıq gətirib. Apasport.az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandanın baş məşqçisi Ağasəlim Mircavadov sınadığı oyunçuların ikisindən imtina etmək qərarına gəlib.

Bu səbəbdən də Rumıniyanın “Styaua” komandasının sabiq hücumçusu Valentin Badea və Xorvatiya “Riyeka”sının kapitanı, mərkəz müdafiəçisi Fausto Buduçin geri göndəriləcək. Rusiyalılara qarşı matçda oynamış digər iki əcnəbi isə etimadı müəyyən mənada doğrulda biliblər.

Hər halda Mircavadov klubun rəsmi internet saytına açıqlamasında Albaniya yığmasının futbolçusu Elvin Beqiri ilə Estoniya millisinin müdafiəçisi Tixon Şişovdan razı qaldığını gizlətməyib: “Beqiri və Şışov komandanı gücləndirə bilərlər. Lakin onların komandada olub-olmayacağının indidən söyləmək tezdir”.

“Xəzər-Lənkəran”ın düşərgəsinə daha bir legioner qatılıb. Bu, boliviyalı mərkəz yarımmüdafiəçisi Helmut Qutyerrezdir. Boliviya yığmasının dünya çempionatının seçmə mərhələsində Braziliya ilə oyununda da forma geyən Helmut 2:1 hesablı qələbədə rolu olan futbolçulardandır. Onun taleyinə yanvarın 20-də “Sibir”lə oyundan sonra aydınlıq gələcək.
0