Ağasəlim Mircavadov: Biz nə Rusiyayıq, nə də Ukrayna
19.01.2010 - 03:53
Ağasəlim Mircavadov: Biz nə Rusiyayıq, nə də Ukrayna
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi

- Rəhbərlik etdiyiniz komanda artıq bir həftədir Antalyada toplanışdadır. Hazırlıqlarınız necə gedir?
- Futbolçular istirahətdən sonra düşərgəyə yaxşı vəziyyətdə qayıtmışdılar. Aktiv istirahət etmişdilər, hər gün idmanla məşğul olmuşdular. Bakıda qalan uşaqlar üçün isə zal ayırmışdıq, hər gün məşq edirdilər. Planlarımız hələ əvvəldən məlum idi. Yanvarın 12-də Bakıda bir araya gəlib, iki gün sonra Antalyaya səfər edəcəyimiz nəzərdə tutulmuşdu. Burada üç oyun keçirməyi düşünürdük. Amma sonra daha bir sınaq matçı da oynamağı istədik. Çünki yeni baxışa gələnləri daha yaxşı yoxlamaq lazımdır. Gündə 2 dəfə - səhər və axşam məşq edirik. Əsas futbolçuların fiziki durumuna fikir veririk. Keyfiyyətə fikir vermək lazımdır. Məqsəd odur ki, komanda istəniləni versin. Mövsüm başlayanda bizdə heyət tam komplektləşməmişdi. Yerli futbolçu transfer edə bilməmişdik. Bəyəndiyimiz futbolçuların isə komandaları ilə müqavilələri var ki, onlara da “əl qoymaq” olmaz. Çünki öz komandasında oynayır. Amma müqaviləsi bitibsə, bu başqa məsələ. Özünüz də bilirsiniz ki, mən hansı klubda çalışmışamsa, orda bir neçə yaxşı yerli futbolçu olub. Həmişə legionerlərdən söz düşəndə, mən ehtiyatlı davranıram. Çünki biz əcnəbiləri 4-5 günə yoxlayırıqsa, başqa ölkələrdə belə deyil. Məsələn, səhv etmirəmsə, Moskva MOİK-i braziliyalı Jonu almaq üçün 6 ay onun dalınca gedib-gəldi, 2 milyona aldı, sonra da 17 milyona İngiltərə komandasına satdı.

- Bəs “Xəzər-Lənkəran” bu istiqamətdə fəaliyyətə başlayıbmı?
- Bəli, mən elə bunu demək istəyirəm. Sentyabrda məşqçilərimiz Belarusa getmişdilər. Baxıb yaxşı futbolçu seçmişdilər. Amma ehtiyat edirdik ki, o Azərbaycana gələr, yoxsa gəlməz. Çünki həmin futbolçu Rusiya və Ukrayna klublarından təklif alıb. Əksər futbolçular Azərbaycana gəlməyə tərəddüd edirlər. Çünki Azərbaycan çempionatı, burdakı stadionlar, bizim yaralı yerimizdi. Gələn legioneri yaxşı öyrənmək lazımdır ki, Azərbaycanda yaşayıb, futbol oynaya biləcəkmi?

- “Vityaz”la ilk yoxlama matçı nə göstərdi?
- Həmin qarşılaşmada əsasən baxışa gələn futbolçuları yoxladıq. İki fərqli hissə oynadıq. Həm də yenilər komandaya tam alışmamışdılar, bəziləri ağır tərpənirdi. Bu da başa düşüləndir. Çünki səhər məşq olmuşdu, günorta isə oyun. Xeyli qol vəziyyətləri yaratdıq. Amma yalnız bir dəfə fərqləndik, Denis Kalinkov gözəl qol vurdu. O, hətta ikinci qolunu da vura bilərdi. Amma alınmadı. Ümumiyyətlə, ikinci hissədə yaxşı oyun sərgilədik, topla yaxşı oynadıq. Meydana 4 legioner meydana çıxmışdı ki, bunlardan da ikisini bəyəndik.

- Yəqin ki, Şişovla Beqirini nəzərdə tutursuz?
- Bəli. Elvin Beqiri Albaniya, Tixon Şişov isə Estoniya yığmasının futbolçusudur. Məşqlərdə də özlərini yaxşı tərəfdən göstərdilər. Onların oyununu DVD vasitəsilə izləmişdik. Amma meydanda görmək, yoxlamaq daha yaxşıdır. Bu 4 yoxlama matçında bütün səhvlərimizi görüb, düzəltməliyik. Nəticə məni maraqlandırmır. Məni maraqlandıran komanda oyunudur. Çünki “Xəzər-Lənkəran” yaranan gündən iddialı olub, olmalıdır da! Bu komandanı hansı məşqçi çalışdırırsa çalışdırsın, çempionluq uğrunda mübarizə aparmalıdır. Ölkədə nə qədər mükafat varsa, qazanmağa çalışmalıdır. İkincisi də, turnirlər olur, məsələn, “Birlik Kuboku”. Mən istərdim ki, bizim komandalar bu yarışın qalibi olsunlar. Bilirsiz, turnirləri udu-uda ölkə tanınır da. Komandada da, futbolçular da tanınır.

- Deməli, “Birlik kuboku”na qatılmaq Azərbaycan üçün lazımdır?
- Əlbəttə lazımdır. Düzdür, hazırlaşmaq da vacibdir, belə turnirə bir heyətlə getmək olmaz. Gəlin belə deyək də: Biz nə Rusiyayıq, nə də Ukrayna. Düzdür, “Qarabağ” avrokuboklarda yaxşı çıxış etdi, iki mərhələ keçdi ki, bu da məni çox sevindirdi. Ölkəmiz də tanındı. Vaqif Cavadov “Tvente”yə, Mahir Şükürov “Anji”yə keçdi. Deyərdim ki, Vaqifin holland klubuna keçidi böyük hadisə idi. İndi onun üzərinə böyük məsuliyyət düşür. Çünki bundan sonra Azərbaycanı təmsil edəcək, özünü yox. İnanıram ki, Hollandiyada özünü göstərə biləcək, çünki yaxşı futbolçudur, xarakteri var. Vaqifi təbrik edirəm və istəyirəm ki, “Tvente”də möhkəmlənsin.

- Komandaya bundan sonra da legioner gələcək?
- Bəli, orta xəttə futbolçu gəlməlidir, danışıqlar gedir. Bir də hücumçu. Fikrimiz odur ki, qış fasiləsində nə çatışmazlıqlar varsa düzəldək və yayda problem olmasın. Hazırda çalışırıq ki, çempionata hazır olaq. Ardıcıl 5 oyunumuz var ki, onlardan üçün “altılıq”da yer alan klublara qarşı olacaq. Biri “Standard”a qarşıdır. Böyükağa Hacıyev fasilədə o komandanı düzəldəcək. Sonra “Simurq”la oynayırıq ki, “altılıq”da yer alıb. Ardından “Qarabağ” və “Neftçi” ilə qarşılamalar. 5 oyundan üçündə “qızıl xallar” sayılır. Buna görə də çalışmalıyıq ki, hazırlıq müddətində çatışmayan nə varsa yoluna qoyaq.
0