Kristian Karambö və meyxanaçı Vüqarın qafiyəsi - FOTO
22.01.2010 - 04:03
Kristian Karambö və meyxanaçı Vüqarın qafiyəsi - FOTO
Futzal üzrə Azərbaycan milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının A qrupunda çıxışını major notda başa vurub. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, yığmamız Macarıstanın ardınca, Çexiyanı 6:1 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

Futzalçılarımızın bu möhtəşəm uğuruna Fransa yığmasının heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olmuş yarımmüdafiəçi Kristian Karambö də şahid olub. 40 yaşlı veteran futbolçu start fitindən öncə Azərbaycan və Çexiya komandasının oyunçuları ilə görüşüb, onlara uğurlar arzulayıb.

Budapeştin “Papp Laslo” İdman Sarayında keçirilən matç zamanı milli komandamızı bir çox həmyerlilərimiz dəstəkləyiblər. Tribunadakı həmvətənlərimiz arasında Bakıdan məhz Avropa çempionatında yığmamızı qələbəyə ruhlandırmaq üçün gəlmiş meyxanaçı Vüqar da olub. O, hər iki yanağına dövlət bayrağımızı çəkməklə, futzalçılarımıza dəstək olub.

Ən maraqlı anlar isə yığmamız “Papp Laslo”dan otelə qayıdanda baş verib. Belə ki, Vüqar avtobusda mikrofonu götürərək, “Elədi hamısını heyran Azərbaycanımız” qafiyəsində meyxana deyib. Ona avtobusdakı söz yarışında rəqib tapılmasa da, əl çalanlar kifayət qədər olub.
0