Rəcəb Fərəczadənin oynamamasının əsl səbəbi
27.01.2010 - 03:49
Rəcəb Fərəczadənin oynamamasının əsl səbəbi
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silvanın apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Avropa çempionatının yarımfinalında yığmamız Portuqaliya komandası ilə görüşəcək. Rəqibimizin 1/4 finalda serbiyalılarla görüşünü izlədinizmi?
- Bəli. Portuqaliyanın çox yaxşı komandası var. Onlara Belarusla heç-heçə bitmiş oyuna görə qiymət vermək düzgün deyil. Artıq həmin matçın üstündən bir neçə gün keçib, portuqaliyalılar istirahət ediblər, öz oyun üslublarını tapıblar. Hamı bilir ki, Portuqaliya güclü kollektivə malikdir.

- 1/4 finalda qarşılaşdığımız Ukrayna yığması güclüdür, yoxsa növbəti rəqibimiz olacaq Portuqaliya?
- Fikrimcə, futzal ənənələri baxımından Portuqaliya güclüdür. Ancaq fiziki hazırlıq mənasında Ukraynanı üstün tuturam. Ukraynalılar fiziki cəhətdən bəlkə də çempionatın ən hazırlıqlı komandası idi.

- Bəs qələbə qazanmaq şansımız necədir?
- Şanslar bərabərdir. Mən heç vaxt komandamızın qələbə şansının çox olduğunu demirəm. Çünki Avropa çempionatında bütün yığmalara qarşı oynamaq çətindir.

- Ukrayna ilə matçda zədələnmiş Alvesin vəziyyəti necədir? O, yarımfinalda forma geyinə biləcəkmi?
- Bu suala yenə də qəti cavab vermək mümkün deyil. Oyunöncəsi axırıncı məşqdə onun durumuna baxacağıq. Əgər hər şey yaxşı olsa, Alves Portuqaliya yığmasına qarşı mübarizə aparacaq.

- Əgər Alves sıraya dönə bilməsə, onu kim əvəzləyəcək?
- Yəqin ki, Namiq Məmmədkərimov. Əslində, mən həm Namiqin, həm də Rəcəb Fərəczadənin çox oynamasını istəyirəm. Ancaq Rəcəblə bağlı problem var. Çünki o, uzun müddətdir “böyük futbol”da olduğundan, taktikamıza uyğun gəlmir.Onun futzala adaptasiya olmasına böyük vaxt lazımdır.

- Bəs Namiq Məmmədkərimova az şans verməyiniz nə ilə əlaqədardır?
- O, çempionatın başlanmasına iki gün qalmış zədələnib. Buna görə də tam hazır deyil. Həmişə ona deyirəm ki, hazır olmaq gərəkdir. Ola bilər ki, Namiq yanvarın 28-də bizə çox kömək etsin.

- Rəcəb Fərəczadənin cəmi 1 dəfə oynaması taktiki planla bağlıdır, yoxsa ortada başqa səbəblər var?
- Sırf taktikaya görə, o, az çıxış edib. Ukrayna ilə matçda Rəcəbə meydana buraxacaqdım. Fərəczadə sürətli futzalçıdır, yüksək fiziki hazırlığa malik ukraynalılara qarşı belə oyunçu lazım idi. Lakin 8-ci saniyədə qol buraxdığımızdan, planlar dəyişdi və nəticədə Rəcəb ehtiyatda qaldı.
0