Lənkəranlı futbolçu “Xəzər-Lənkəran”ı məğlub etdi - YENİLƏNİB
27.01.2010 - 18:58
Lənkəranlı futbolçu “Xəzər-Lənkəran”ı məğlub etdi - YENİLƏNİB
15 gündür Türkiyənin Antalyaya şəhərində olan “Xəzər-Lənkəran” klubu təlim-məşq toplantısını başa vurmaq üzrədir. Ağasəlim Mircavadovun komandası hazırlıq çərçivəsində bu gün son yoldaşlıq oyununu keçirəcək.

Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, təmsilçimiz bu gün yerli vaxtla 15:00-da Rusiya Premyer Liqasında son mövsümü 7-ci pillədə başa vuran “Saturn”la üz-üzə gələcək. Sabah isə “Xəzər-Lənkəran” məskunlaşdığı “Cornelia Diamond” otelini tərk edərək Vətənə üz tutacaq.

“Saturn” – “Xəzər-Lənkəran” - 1:0

”Xəzər-Lənkəran: Kamran Ağayev, İvan Pexa, Elvin Bekiri, Radomir Todorov, Ruslan Poladov, Rahid Əmirquliyev, Juninyo Osvaldo, Kristian Martines, Denis Kalinkov, İvan Svetkov, Allan Lalin

Komandamızın “Saturn”la oyunda əsas heyətində bir neçə futbolçu diqqət çəkirdi. Belə ki, “Xəzər-Lənkəran”la əsas qapıçısı, eyni zamanda kapitanı Kamran Ağayevlə moldovalı hücumçu Denis Kalinkov zədələrini sağaldaraq sıraya dönüblər. Baxışa gələn braziliyalı yarımmüdafiəçi Kristian Martines də ilk dəqiqələrdən meydana çıxıb. Kalinkov dönüşünü uğurla qeyd etdi. Məhz onun başladığı hücumdan sonra lənkəranlılar topu rəqib qapısından keçirdi. 16-cı dəqiqədə Denis iki müdafiəçini keçərək, cərimə meydanın xəttini üzərindən qapıya zərbə vurdu. “Saturn”un qapıçısı topu qaytardı və özünü yetirən Lalin onu boş qapıdan keçirdi. Ancaq oyunu idarə edən türkiyəli hakim bu epizodda ofsayd qeydə alaraq komandamızın tımiz qolunu hesaba almadı. Bundan 3 dəqiqə sonra isə həmin referi yenə əleyhimizə qərar çıxardı. Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra top rəqib futbolçunun əlinə dəysə də, oyunu idarə edən türk hakim penalti zərbəsini təyin etmədi.

İkinci hissə başlayan kimi “Saturn” hesabı açmağa müvəffəq oldu. Əslən azərbaycanlı olan, Rusiya yığmasında çıxış edən Emin Mahmudov topu “Xəzər-Lənkəran”ın qapısından keçirib. Maraqlıdır ki, Emin əslən Lənkərandandır və o doğma şəhərinin komandasına qol vurdu. “Saturn” ikinci hissənin ortasında hesabdakı üstünlüyünü artırmaq üçün yüz faizli imkan əldə etdi. Ancaq Kamran qapısına təyin edilən penalti zərbəsini dəf etməklə rusların növbəti qol arzusunu gözündə qoydu. Bununla belə “Xəzər-Lənkəran” məğlubiyyətdən yaxa qurtara bilmədi. Komandamız Rusiya klubları ilə yoxlama oyunlarının yalnız birində qalib gəldi.

Xatırladaq ki, cənublular bundan öncə üç sınaq matçında qüvvəsini sınayıb. Öncə “Vityaz”ı minimal hesabla (1:0) üstələyən “Xəzər-Lənkəran” ardından “Sibir” (0:1) və Moskva “Spartak”ına (1:3) uduzmuşdu.
0