Zeynal Məmmədov: Məsuliyyəti tək Bülənt Korkmazın üzərinə atmırıq
28.01.2010 - 11:48
Zeynal Məmmədov: Məsuliyyəti tək Bülənt Korkmazın üzərinə atmırıq
"Bakı" klubunun xeyli vaxtdır gözlənilən iclası dünən axşam saatlarında baş tutub. Apasport.az saytının məlumatına görə, klub prezidenti Hafiz Məmmədovun rəhbərlik etdiyi toplantıda vitse-prezidentlər Zeynal Məmmədovla Tunc Afşar və icraçı direktor Yaşar Seyidov iştirak edib. Klub rəhbərliyi bir araya gələrək, “Bakı”nın XVIII “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda çıxışı, qış “transfer pəncərəsi” müddətində aparılan işlər, Premyer Liqa və Azərbaycan Kuboku yarışlarında komandanın qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparıb.

Zeynal Məmmədov klubun rəsmi saytına müsahibəsində müzakirə olunan məsələlər və nəticələr haqda fikirlərini bildirib.

- Zeynal müəllim, toplantının gündəmində hansı məsələlər var idi?
- İlk olaraq komandamızın Moskva səfərinin nəticələri barədə ətraflı məlumat verildi. Bu yarışlara böyük ümidlərlə yollanmağımıza baxmayaraq, komandanın uğursuz çıxış etməsinin səbəbləri təhlil olundu. Nəticə bizi qane etmədi, çünki daha yaxşı çıxış etmək üçün hər cür şərait mövcud idi. Komanda uğursuzluğa düçar olubsa, günahı kənarda axtarmaq lazım deyil. Deməli, klubun bütün strukturları günahkardır, müəyyən sahələrdə boşluqlara yol vermişik. Məsuliyyəti tək baş məşqçi Bülənt Korkmazın və futbolçuların üzərinə qoymağın tərəfdarı deyiləm. Komandamız vəzifənin öhdəsindən gəlməyibsə, bunun məsuliyyətini bütün kollektiv daşıyır.

- Klub prezidentinin yeni transfer olunan futbolçular barədə fikirlərini bilmək maraqlı olardı...
- Qış fasiləsində heyətə cəlb etdiyimiz oyunçular səviyyəli və təcrübəli futbolçulardır. Təəssüf ki, onlar Moskva turnirində zəif çıxış edərək, komandamızın oyununu gücləndirə bilmədilər. Görünür ki, bir qədər zamana ehtiyac var. Onların komandaya və mühitə tam uyğunlaşması üçün bütün zəruri addımlar atılır. İnanırıq ki, yeni oyunçularımız "Bakı"ya faydalı olacaqlar.

- Qış transfer fəaliyyətini bitmiş hesab etmək olarmı?
- AFFA-nın təyin etdiyi “transfer pəncərəsi” fevral ayının 4-də bağlanır. Klub prezidenti heyəti gücləndirmək üçün bütün imkanları bir daha gözdən keçirməyi tapşırdı. Yəqin ki, heyətə daha bir futbolçu qatılacaq. Ad çəkmək düzgün olmazdı. Sadəcə, onu deyim ki, onun ampluası hücumçudur.

- Premyer Liqa və kubok yarışlarının hədəfləri dəyişməyib ki?
- Klub prezidenti görülən işlər barədə bizim hesabatlarımızı dinlədi, öz fikirlərini bildirdi. Qarşıdan gələn yarışlara hazırlığın gedişi ilə maraqlandı, zəif nöqtələrə diqqət çəkdi, tapşırıq və tövsiyələrini verdi. Artıq bütün qüvvələr Premyer Liqa və kubok yarışlarına yönəlib. Ümidvarıq ki, komandamız bu sınaqlardan üzüağ çıxaraq Azərbaycan azarkeşlərini sevindirməyi bacaracaq. Hədəflər dəyişilməz qalır. "Bakı" həm çempionluğa, həm də kuboka oynayır.
0