“Azərbaycan milli komandasına uduzmaq bədbəxtçilikdir”
28.01.2010 - 13:25
“Azərbaycan milli komandasına uduzmaq bədbəxtçilikdir”
Futzal üzrə Avropa çempionatının final mərhələsində uğursuz çıxış edən ukraynalılar Azərbaycan milli komandasından aldıqları məğlubiyyətin şokundan ayılıb.

Apasport.az saytının məlumatına görə, 1/4 finalda yığmamıza penaltilər seriyasında uduzduqdan sonra bir neçə gün Macarıstanda baş verənləri dəyərləndirməyə ürək etməyən ukraynalı mütəxəssislər artıq məğlubiyyətin səbəblərini araşdırmağa başlayıblar.

Bu ölkədən olan həmkarlarımız yerli futzal tarixinin ən yaxşı bombardirlərindən olan İqor Moskviçovu baş verənləri şərh etməyə razı sala bilib. Əməkdar idman ustası da millidə baş verənləri açıqlayıb: “Bəzi futzalçılarımız özləri haqda həddən artıq yüksək fikirdədirlər. Onların sözləri ilə oyunları uyğun gəlmir. Bu da nəticəyə öz təsirini göstərdi. Komandada balansın pozulması mübahisələrə, hətta aqressiyaya da yol açmışdı. “Taym” klubunu təmsil edən birinci “dördlüy”ümüzə nə isə çatmasa da onlar daha çox oynayırdı. İkinci “dördlük” isə meydanda bir-birilə mübahisə etməklə məşğul idi. Əsas çatışmazlıq da elə bu idi. 1/4 finalda Azərbaycana məğlubiyyət isə sadəcə, bədbəxtçilikdir”.

“Baş verənlərin hadisələrin axarından qaynaqlandığını düşünürəm. Oyuna görə biz bütün braziliyalıları ilə birlikdə Azərbaycan yığmasından çox-çox güclü idik. Lakin nəticəyə bəxtsizlik və iki oyunçumuzun yoxluğu təsir etdi. “Taym”ın oyunçuları Makayevlə Yakunin olsaydı hətta qızıl medallar uğrunda da mübarizə apara bilərdik. Ümumilikdə isə Ukraynanın nəticəsini geriyə addım saymıram. İtaliya ilə matçın ikinci hissəsi istisna olmaqla yığma yaxşı təsir bağışladı. Məncə nəticədən faciə düzəltməyə ehtiyac yoxdur. Bu uşaqlar daha artığına qadirdir”.

Qeyd edək ki, əsas vaxtı 3:3 hesabı ilə bitən Azərbaycan – Ukrayna matçının penaltilər seriyasında yığmamız 4:2 hesabı ilə qalib gəlmişdi.
0