“Bürünc Azərbaycan milli komandası üçün böyük uğurdur”
29.01.2010 - 10:45
“Bürünc Azərbaycan milli komandası üçün böyük uğurdur”
“Portuqaliyaya penaltilər seriyasında uduzmaqla, yəqin ki, borcumuzu qaytarmış olduq. Axı 1/4 finalda məhz belə zərbələrlə qalib gəlmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Andrey Tveryankin deyib.

Macarıstanda keçirilən Avropa çempionatının yarımfinal oyununda Portuqaliyaya uduzan millimizin 42 yaşlı qapıçısı matçla bağlı fikirlərini açıqlayıb. Tveryankin 3:3 hesabı ilə nəticələnən görüşdən sonra vurulan penaltilər seriyasında qeydə alınan 3:5 hesabını məğlubiyyət kimi qəbul etmir: “Düşünürəm ki, komandamız məğlubiyyəti düzgün qiymətləndirir. Portuqaliyaya uduzmaq məğlubiyyət deyil. Mənə elə gəlir ki, biz daha yaxşı oynadıq. Bəlkə də bizə belə turnirlərdə təcrübə çatmadı. Yoxsa ki, biz rəqibin qol vurduğu epizodlarda buraxdığımız səhvlərə yol verməzdik. İndi isə bizə yalnız portuqaliyalıları təbrik etmək qalır”.

Tveryankin penaltilər seriyasında qaytarmağa çox yaxın olduğu zərbəni də unuda bilmir: “Açığını deyim ki, Kardinalın zərbəsinə toxunduqda topun artıq qapıya getmədiyini zənn etdim. Penaltilər seriyasının təkcə lotereya olmadığını da qeyd edim. Bu həm də futzalçıların ustalığıdır. Çexiya ilə görüşdə yalnız bir məqsədimiz olacaq – qələbə. Hələ turnirin startından əvvəl demişdim ki, bizi istənilən əyarlı medal qane edər. İndi də deyirəm ki, bürünc Azərbaycan yığması üçün böyük uğurdur”.

Qeyd edək ki, Azərbaycan yığması sabah keçiriləcək üçüncü yer uğrunda oyunda Çexiya ilə qarşılaşacaq.
0