Branimir Subaşiçin “Diyarbəkirspor” klubuna keçidi baş tutmadı
29.01.2010 - 11:58
Branimir Subaşiçin “Diyarbəkirspor” klubuna keçidi baş tutmadı
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin Türkiyə Superliqasında oynamaq istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı serbiyalı hücumçunun “Diyarbəkirspor” klubuna keçidi reallaşmayıb.

Superliqada qalmaq uğrunda mübarizə aparan Diyarbəkir təmsilçisinin Subaşiçi transfer etmək istəyi böyük idi. Hazırda turnir cədvəlində 13-cü yerdə qərarlaşan komandanın baş məşqçisi Ziya Doğan Branimirin xidmətində maraqlı idi. Bir vaxtlar “Trabzonspor” klubunu da çalışdırmış təcrübəli mütəxəssis hətta Subaşiçi sabah prinsipial ev oyununda meydana buraxmağı planlaşdırırmış. “Diyabəkirspor”da baş məşqçi ilə yanaşı, klub prezidenti Çətin Sümər ilə də məsələ razılaşdırılıb. Diyarbəkirlilər Branimiri müqavilə ilə məxsus olduğu Belqardın “Srvena Zvezda” klubundan birdəfəlik alıb, 6 aylıq müqavilə bağlamaq fikrində olub. Ancaq Türkiyəyə müqavilə məsələləri ilə gələn Subaşiç sonda əliboş qayıdıb. Məsələ ondadır ki, “Srvena Zvezda” sonda transfer qiymətini qaldırıb. Nəticədə Branimir Avropada “transfer pəncərəsi”nin bağlanmasına çox az qalmış Türkiyəni tərk edib.
0