Moskva “Dinamo”sunun futbolçusu Azərbaycana gəlməkdən imtina edib
02.02.2010 - 10:06
Moskva “Dinamo”sunun futbolçusu Azərbaycana gəlməkdən imtina edib
Rusiya milli komandasının sabiq futbolçusu Ruslan Pimenov karyerasını Azərbaycanda davam etdirməyə razılaşmayıb. Apasport.az saytının məlumatına görə, ötən ilədək Moskvanın “Dinamo” klubunda forma geyinmiş 29 yaşlı hücumçu ölkəmizdən aldığı sərfəli təklifi qəbul etməyib. Son 3 ildə şərəfini qoruduğu paytaxt klubunda əsas heyətə düşməkdə çətinlik çəkən, bu müddətdə Rusiya Premyer Liqasında cəmi 23 matçda 5 qol vuran Pimenovun agenti Azərbaycan variantının baş tutmamasının səbəbini açıqlayıb.

Futbolçu kimi keçmiş SSRİ məkanında yaxşı tanınan, indi isə oyunçuların keçidi ilə məşğul olan Dmitri Qradilenko müştərisinin seçimini belə izah edib: “Pimenov Nalçik “Spartak”ına qoşulmaq üçün Türkiyəyə getməlidir. Düzdür, o, Azərbaycandan da çox yaxşı təklif almışdı, lakin imtina etdi. “Spartak”ın baş məşqçisi Yuri Krasnojan da Ruslanı yaxşı tanıyır. Amma indiki durumunu bilmədiyindən, baxışa çağırıb”.

Qeyd edək ki, Rusiyanın əsas yığmasında 4, olimpiya yığmasında 1 matç keçirən Ruslan milli komandanın heyətində DÇ-2002-nin iştirakçısı olub. Klub karyerasındakı bütün uğurları Moskva “Lokomotiv”i ilə bağlı olan hücumçu bu komandada oynadığı 1999-2004-cü illərdə kifayət qədər mükafat qazanıb. İki dəfə Rusiya çempionu (2002, 2004), iki dəfə Rusiya kuboku (2000, 2001), ölkə Superkubokunun (2003) qalibi olan Pimenov 3 dəfə (1999, 2000, 2001) Rusiya çempionatının gümüş mükafatını alıb. 2004/05 və 2005/06 mövsümlərini Fransanın “Mets” klubunda keçirən futbolçu 2005-ci ilin bir hissəsini Rusiyada - “Alaniya” komandasında keçirib.
0