Moskva “Lokomotiv”ində ilk azərbaycanlı
02.02.2010 - 10:18
Moskva “Lokomotiv”ində ilk azərbaycanlı
Azərbaycanlı futbolçu Aleksandr Əliyevin Moskvanın “Lokomotiv” klubuna keçidi nəhayət, baş tutub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi yenidən Yuri Syominin rəhbərliyi altında oynayacaq. Syomin hələ Kiyevin “Dinamo” klubunu çalışdırdığı vaxtda futbolçusu olan Əliyevin “Lokomotiv”ə keçidinə israr edirdi. Bir aydan artıq davam edən danışıqlar bir neçə dəfə uğursuz nəticələnsə də, “transfer pəncərəsi”nin son günündə müsbət yekunlaşıb. Aleksandr “Lokomotiv”lə 3 illik müqavilə bağlayıb və 88 nömrəli formaya sahib çıxıb. Sevimli 8 nömrəsi boş olmadığı üçün futbolçu 8-ləri qoşalaşdırıb.

“Keçidimlə bağlı çoxlu çətinliklər var idi. Mən özüm “Lokomotiv”də olmaq istəyirdim və bunun baş tutmamasına görə narahat idim. Artıq hər şey arxada qalıb və müqavilə imzaladım. Məni şəxsən Syomin dəvət edib. Onun məni öz komandasında görmək istəyi çox şeyi həll etdi. Elə mən də buna müsbət baxırdım. Hər halda, Syomin mənim məşqçimdir. Ancaq bu, yeganə səbəb deyil. Yenidən Ukrayna yığmasında oynamaq istəyirəm. Axı mənim son vaxtlar Kiyev “Dinamo”sunda oyun təcrübəm olmayıb. Deməli, orada qalsam, yığmaya düşmək şansım böyük deyildi” - deyə soydaşımız vurğulayıb.

Qeyd edək ki, Əliyev “Lokomotiv”də oynayan ilk azərbaycanlı futbolçu kimi tarixə düşdü. Müxtəlif illərdə bir sıra oyunçularımız “dəmiryolçular”ın düşərgəsində yer alsa da, transfer alınmayıb.
0