Bülənt Korkmaz azarkeşlərdən kömək istədi
02.02.2010 - 12:18
Bülənt Korkmaz azarkeşlərdən kömək istədi
“Turan” ciddi rəqibdir, heyəti gənc və sürətli futbolçulardan təşkil olunub. Onlar ilk dövrədəki oyunumuzda bizə çətin anlar yaşatmışdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.

Unibank Premyer Liqasının bu gün start götürəcək ikinci yarısına Tovuzun “Turan” klubu ilə görüşlə başlayan bakılıların çalışdırıcısı komandasının rəsmi internet saytına açıqlama verib. 42 yaşlı mütəxəssis 3 xal iddiasında olduqlarını bildirib: “Rəqibə hörmətlə yanaşırıq, bununla belə məqsədimiz ancaq 3 xaldır. Fasilədən sonra ilk qələbəmizi qazanıb, həm turnir cədvəlindəki vəziyyətimizi düzəltmək, həm də “altılığ”a bir addım yaxınlaşmaq istəyirik. Azarkeşləri də komandamıza dəstək olmağa çağırıram”.

Korkmaz qış fasiləsinin finiş xəttində arxada qalan dövrü də dəyərləndirib: “Təxminən 40 gün fasilədən sonra komandamız 2010-cu ildə ilk rəsmi oyununa çıxacaq. “Bakı” Moskvada “Birlik Kuboku”nda iştirakı ilə əlaqədar hazırlıqlara digər komandalardan tez başlayıb. Biz yanvarın 3-dən bir yerdəyik. Antalyada 10 günlük təlim-məşq toplantısı keçmişik. Heyət də yeni futbolçularla gücləndirilib. Bunlar müdafiəçi Gürşat Durmuş, yarımmüdafiəçilər Venio, Adnan Bərəkət, Əziz Quliyev, hücumçular Adriano və Vyaçeslav Sofronidir . Bu oyunçular kifayət qədər təcrübəlidirlər, onlar bizim oyun üsulumuza uyğun gəlirlər. Əminəm ki, yeni futbolçularımızın köməyi ilə qarşıda duran vəzifələrin öhdəsindən gələcəyik”.

Qeyd edək ki, bu gün keçirilən “Bakı” – “Turan” oyunu saat 14:00-da başlayacaq.
0