Ağasəlim Mircavadov: Onlarla bu məsələ barədə ciddi söhbət etmişəm
02.02.2010 - 15:00
Ağasəlim Mircavadov: Onlarla bu məsələ barədə ciddi söhbət etmişəm
“Bizi “Standard”la heç də asan sınaq gözləmir. Bu komandanın turnir cədvəlinin sonunda yer alması oyuna ciddi yanaşmamağımıza əsas vermir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Unibank Premyer Liqasında 38 günlük fasilədən sonra ilk oyununu sabah öz meydanında “Standard”la keçirəcək lənkəranlılar növbəti qələbəni qazanmağa iddialıdır. Mircavadov fasilədən sonra ilk oyunların həmişə ağır olması ilə razılaşır: “Aydın məsələdir ki, bu, həmişə belədir. Təlim-məşq toplanışından yeni gəlmisən, futbolçularda ağır məşqlərdən sonra yorğunluq var. Bu, əzələlərin ağır yüklənməsi ilə bağlıdır. Bundan əlavə, komandamıza çoxlu yeni futbolçular olduğundan uyğunlaşmağa vaxt lazımdır. Xətlər arasında əlaqə hələ istənilən səviyyədə deyil. Oyun praktikasının azlığı da öz sözünü deyə bilər. Çempionatda oyunlar ardıcıl davam edəndə belə problem olmur. Ancaq fasilələrdə komandanın oyunu ritmdən çıxır. Bütün bunları nəzərə alsaq, ilk oyunlar çətin alınır və biz də ciddi hazırlaşırıq. “Standard”la oyunu məşq prosesimizi əvvəlki oyunlara olduğu kimi qurmuşuq. Yəni bunu başqa görüşlərdən ayırmırıq”.

Heyətlə bağlı problemləri olmayan Mircavadov “Standard”la oyun öncəsi psixoloji hazırlığa xüsusi diqqət yetirir: “Futbolçular autsayderlə oynadıqları arxayınlaşmamalıdır. Elə bu məsələ ilə bağlı onlarla ciddi söhbətləşmişəm. “Standard” həmişə baxımlı oyun nümayiş etdirib. Komandanın qalib gəldiyi “Qarabağ”la son yoxlama oyununu görməsəm də, nəticəni eşitmişəm. “Standard” yaxşılığa doğru çox dəyişib. Bunda da baş məşqçi Böyükağa Hacıyevin əməyi böyükdür. O, yaxşı komanda qurması ilə seçilən mütəxəssisdir. Bizimlə təkcə Böyükağa Hacıyevlə yox, bütün komandaları oyunları maraqlı alınır”.

Qeyd edək ki, Mircavadov ilk dövrədə litvalı Valdas İvanauskasın baş məşqçisi olduğu “Standard”ı Sumqayıtda honduraslı hücumçusu Allan Lalinin dublu sayəsində 2:1 hesabı ilə məğlub edib.
0