Qəbələdən “Qəbələ”yə qədər: 57525 dəqiqə
02.02.2010 - 15:04
Qəbələdən “Qəbələ”yə qədər: 57525 dəqiqə
“Qəbələ” klubunun futbolçusu Kristian Torres Unibank Premyer Liqasının 2010-cu ilə təsadüf edən ikinci hissəsində vurulan ilk qolun müəllifi oldu. Apasport.az saytının hesablamalarına görə, argentinalı hücumçu Azərbaycan stadionlarındakı 40 günlük qolsuzluğa (təbii ki, əvəzedicilər və həvəskarlar nəzərə alınmamaqla) son qoyub.

Klublarımız ötən il son matçlarını dekabrın 26-da keçirsə də, həmin tarixə təsadüf edən hər iki görüş qolsuz bitmişdi. Turun, həm də 2009-cu ilin sonuncu qolu isə bundan 2 gün əvvəl qeydə alınıb. Qəbələdə meydan sahibləri ilə “İnter” arasında matçın 87-ci dəqiqəsində fərqlənən Petar Zlatinov həmin sonuncu qolun müəllifi kimi tarixə düşmüşdü. 40 gündən sonra vurulan qol da “Qəbələ”nin oyununa təsadüf etdi.

Lakin bu dəfə qonaq kimi meydana çıxan əyalət təmsilçisinin özü fərqlənən tərəf oldu. Torres artıq “Olimpik-Şüvəlan”la qarşılaşmanın 12-ci dəqiqəsində qol sevinci yaşayıb. Ramiz Məmmədovun yetirmələrinin buraxdığı və vurduğu qol arasında müddət isə 40 sutkadan bir az, yəni 75 dəqiqə azdır. Çünki hər iki görüş 14:00-da başlasa da Petar 87, Kristian 12-ci dəqiqədə fərqlənib. Bu isə onlar arasında zaman kəsiyinin 57525 dəqiqə olması deməkdir.
0