Yaşıl sahədə tükürpədici səhnə - FOTOSESSİYA
11.02.2010 - 12:54
Yaşıl sahədə tükürpədici səhnə - FOTOSESSİYA
Türkiyə kubokunun 1/4 final mərhələsində keçirilən “Qalatasaray” - “Antalya” matçı dəhşətli dəqiqələrlə yadda qalıb. Apasport.az saytının məlumatına görə, oyunun 2-ci dəqiqəsində qonaqların futbolçusu, vaxtilə “Qalatasaray”ın şərəfini qorumuş Necati Atəşin səhhətində ciddi problem yaranıb və o, bir neçə dəqiqə ölümlə mübarizə aparıb.

Belə ki, Necati rəqib komandanın üzvü Mehmet Topalla hava mübarizəsi zamanı güclü zərbə alıb. O, topu başla uzaqlaşdırsa da, havaya bir az gec tullanan Mehmet onun belinə düşüb. Nəticədə Atəşin qıcolma baş verib, dili boğazına gedib və futbolçu dərhal huşunu itirib. “Antalyaspor”un hücumçusunun özündən getdiyini görən klubun həkimləri hadisə yerinə tələsiblər. Həkim barmaqlarını Necatinin ağzına salaraq, onun dilini bayıra çıxarmağa çalışıb. Bu proses təxminən 1 dəqiqə sürüb və izləyənləri çox həyəcanlandırıb.

Nəhayət, gərgin dəqiqələr xoş sonluqla başa çatıb. Həkimlərin cəhdi öz bəhrəsini verib. Ölümlə mübarizə aparan Necatinin həyatını xilas etmək mümkün olub. Futbolçu meydanın kənarında bir daha müayinə olunduqdan sonra oyuna qayıdıb.
0