Vaqif Sadıqov: Başım elə qarışıb ki, bundan xəbərim olmayıb - MÜSAHİBƏ
13.02.2010 - 00:01
Vaqif Sadıqov: Başım elə qarışıb ki, bundan xəbərim olmayıb - MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- “Karvan”la görüşə hazırlığınız necə keçdi?
- Oyuna ciddi hazırlaşmışıq. Məqsədimiz qələbə qazanmaqdır.

- Heyətdəki itkiləriniz bu baxımdan problem yaratmayacaq ki?
- Həqiqətən də heyətlə bağlı bir sıra problemlərimiz var. Cavid Hüseynovun cəzası hələ başa çatmayıb. Rumın yarımmüdafiəçi Leonard Naydin cari mövsümdə 4-cü dəfə sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Qış fasiləsində zədələnən gənc müdafiəçilər Tural Nərimanovla Ruslan Abışov hələ özlərinə gəlməyiblər. Əsas kapitanımız Zaur Tağızadə xeyli vaxtdır zədə üzündən bizə kömək etmir. Türkmən yarımmüdafiəçi Nəzər Bayramov növbəti dəfə milli komandalarına çağırılıb. Bununla belə, biz yalnız qələbəyə köklənmişik və əhval-ruhiyyəmiz çox yaxşıdır.

- Xəbəriniz var ki, baş məşqçi kimi “Neftçi”ni 100-cü oyuna çıxaracaqsınız...
- Açığı, bundan xəbərim yox idi. Bunu eşitmək mənim üçün xoş oldu. Sağ olun ki, yubiley oyunumu “Karvan”la görüş qabağı mənə dediniz.

- Siz adətən nəzəri biliklərə xüsusi diqqət yetirirsiniz. “Neftçi”də 100-cü oyununuzun təxminən nə vaxt olacağını hesablamamışdınız?
- Xeyr. Düzünü desəm, mən şəxsi göstəriciləri, statistikanı hesablamıram. Belə göstəriciyə nail olmaq yaxşı haldır. Son vaxtlar başım elə qarışıb olub ki, “Neftçi”də 100-cü oyunumdan heç xəbərim olmayıb.

- Yubiley oyununuzdan nə gözləyirsiniz?
- İstərdim ki, “Neftçi”də baş məşqçi kimi 100-cü oyunum yadda qalan, bir tarix olsun. Belə əlamətdar görüşdə müsbət nəticə qazanmağı arzulayıram.

- “Neftçi”nin baş məşqçisi postuna 15 ildən sonra qayıtdınız. Komandanı çalışdırdığınız iki müxtəlif dövrü xatırlasanız, ən yadda qalan oyunlar kimi hansıları qeyd edərdiniz?
- Bu müddətdə xoş günlərimiz də olub, qəmli günlər də yaşamışıq. Mənim üçün çox xoşdur ki, “Neftçi” kimi komandaya 100 oyuna qədər rəhbərlik etmişəm. Bu, mənim üçün qürurvericidir. Mən oyun məsələsində ayrı-seçkilik etmək, oyunları bir-birindən ayırmaq istəməzdim. Əslində, bu dövrlər bir-birindən fərqlənir. “Neftçi”ni ilk çalışdırdığım zaman gənc məşqçi kimi ilk addımlarımı atırdım. İndi isə tamamilə fərqli vaxtdır. Hər halda, hər ikisi mənim üçün doğmadır. İstərdim ki, 100-cü oyunum da mənim üçün doğma tarix olsun.

- Bir qədər də rəqib haqda danışaq. “Karvan” autsayder olsa da, qış fasiləsində heyətini təcrübəli futbolçular hesabını xeyli gücləndirib. Bunu son iki oyun da göstərdi...
- Əslində, “Karvan” heç vaxt çox zəif olmayıb. Təsadüfi deyil ki, biz ilk dövrədə fərqli heyəti olan bu komandanı evdə 1:0 hesabı ilə məğlub etdik. Onu deyə bilərəm ki, bizi bu dəfə də “Karvan”la çətin sınaq gözləyir. Rəqib komandada mənə çox tanış olan futbolçular, məşqçilər var. Onlar vaxtilə rəhbərliyim altında oynayıb, milli komandamızda baş məşqçiləri olmuşam. Hazırda “Karvan”da çıxış edən futbolçular çox təcrübəlidirlər. Onlar bir komanda kimi gözəl oyun göstərirlər. Biz də bütün bunları yaxşı dərk edərək, Yevlaxdakı görüşə çox ciddi hazırlaşmışıq.

- Son iki oyunda dubl edən Xaqani Məmmədov rəqibləri üçün təhlükəli hücumçudur. Yeri gəlmişkən, o da həm klub, həm də yığma səviyyəsində rəhbərliyiniz altında oynayıb.
- Ümumiyyətlə, Xaqani “Neftçi”yə 15 yaşında mən gətirmişəm. Həmin vaxt onu qardaşı Füzuli ilə birgə komandaya cəlb etdim. İndi onlar yenidən bir komandada, “Karvan”dadırlar. Rəqib komanda kimi güclü təsir bağışlayır. Bizim isə artıq 14 oyun məğlubiyyətimiz seriyamız var. Bunlardan 12-si çempionatda, 2-si kubokda olub. Bu uğurlu seriyanı davamının gətirməsini istəyirik. Turnir cədvəlində indiki vəziyyətimizi nəzərə alsaq, başqa çıxış yolumuz da qalmayıb.

- “Karvan”ın qış fasiləsində heyətinə cəlb etdiyi hücumçu Zaur Ramazanov cəza üzündən “Neftçi”yə qarşı oynamayacaq. Bu, sizə üstünlük verirmi?
- Zaur təcrübəli futbolçu kimi “Karvan”ın gücünə güc qatıb. Onun fərdi oyun keyfiyyətlərini heç vaxt hesabdan silmək olmaz. Ramazanov Xaqani Məmmədovla birgə hücumda gözəl tandem təşkil edir. Ancaq dediyim kimi, “Karvan” komanda şəklində güclü təsir bağışlayır və biz əsas bunu nəzərə almalıyıq.
0