“Yığmada fiziki cəhətdən bizə heç bir irad tutula bilməz” - MÜSAHİBƏ
16.03.2010 - 00:40
“Yığmada fiziki cəhətdən bizə heç bir irad tutula bilməz” - MÜSAHİBƏ
Cari mövsümdə “Standard”ın heyətində keçirdiyi oyunlarla diqqət mərkəzinə düşən Fərid Quliyev ötən ay yığmanın İordaniyada keçirilən təlim-məşq toplanışına dəvət edildi. Daha sonra hücumçu İordaniya ilə keçirilən yoldaşlıq matçında millinin forması altında meydana çıxdı. Məhsuldar ötürmə ilə yadda qalan Quliyev martın 3-də Lüksemburqla keçirilən görüşdə isə qol hesabını açdı. “Standard”ın əsas heyət oyunçularından olan Fəridlə həm yığma, həm də klubunun oyunları barədə söhbətləşdik.

- Əvvəlcə yığmanın İordaniya və Lüksemburqla keçirdiyi yoldaşlıq oyunları barədə fikirlərini bildirərdin.
- Hər iki oyunda qələbə qazandıq. Görüşlər səfərdə keçirildiyindən, matçların ağır keçdiyini söyləməliyəm. Həm də millimiz son oyunlarda uğurlu çıxışı ilə fərqlənirdi. Bu qələbələr özünəinamı bir qədər də artırdı. Ardıcıl 3 matçdır ki, komandamız meydanı qalib tərk edir.

- İlk dəfə yığmanın toplanışına dəvət edildin. Baş məşqçi Berti Foqts səni həm İordaniya, həm də Lüksemburqla oyunda “start 11-lik”də meydana buraxdı. Yığmanın formasında özünü necə hiss edirdin?
- Əlbəttə, ilk oyunum olduğundan bir qədər həyəcan və məsuliyyət var idi. Məqsədim baş məşqçinin etimadını doğrultmaq, komandamıza fayda vermək idi. Necə alındı, bu haqda oyunu izləyənlər fikir söyləyə bilərlər. Ancaq millimizin uğur qazanması üçün əlimdən gələni əsirgəmədim.

- Müqayisə etsək, hansı oyun çətin keçdi?
- Hər iki oyunun çətin keçdiyini söyləyə bilərəm. Bayaq qeyd etdiyim kimi, rəqiblərimiz öz meydanlarında oynayırdılar. Təbii ki, belə olan təqdirdə onlar uğur qazanmaq üçün maksimum güc sərf edəcəkdilər. Rəqiblərimiz heç də zəif komandalar deyildilər. İordaniya ilə oyunda yağış bizə əlavə çətinlik yaratdı. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram.

- İordaniya ilə oyunda məhsuldar ötürmə, Lüksemburqla qarşılaşmada isə qol vurmaqla diqqət mərkəzinə düşdün. Debütünü uğurlu hesab etmək olarmı?
- Mənim işim meydanda üzərimə düşən tapşırığı yerinə yetirmək, baş məşqçinin etimadını doğrultmaqdır. Ancaq çıxışımın uğurlu alınıb-alınmaması barədə baş məşqçi, eləcə də azarkeşlər fikir söyləyə bilər. Əlbəttə, yığmanın forması altında fərqləndiyimə görə sevinirəm. Gələcəkdə bu uğuru davam etdirməyə çalışacağam. Oyunumdan razı qaldığımı söyləyə bilmərəm. Bundan artığını da etmək olardı.

- Yığmamız may və iyun aylarında Moldova, Makedoniya və Hondurasla qarşılaşacaq. Bu görüşlərdən nə gözləyirsən?
- Moldova və Makedoniya yığmaları tanış rəqiblərdir. Honduras isə yayda keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək. Yəni rəqiblərimizin gücü göz qabağındadır. Biz də qələbə seriyasını davam etdirməyə çalışacağıq. Layiqincə çıxış edəcəyimizə inanıram.

- Yeri gəlmişkən, Lüksemburqla oyundan sonra yığmanın baş məşqçisi Berti Foqts nəticədən razı qalsa da, futbolçuların onun verdiyi tapşırıqları yerinə yetirmədiyini dedi. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə nə mane olurdu?
- Yığmada fiziki cəhətdən bizə heç bir irad tutula bilməz. Sona qədər mübarizə apardıq. Ola bilsin, taktiki planda müəyyən çatışmazlıqlar yaransın. Yəni xətlərarası əlaqə, demək olar, qırılmışdı. Bu da baş məşqçinin narazılığına səbəb olub. Ancaq nəzərə almaq lazımdır ki, komanda 3 aydır yığılmırdı.

- Bir qədər “Standard”dan danışaq. Komandanız final mərhələsinə uğurlu start verdi. “Olimpik-Şüvəlan”la oyun barədə nə deyə bilərsən?
- Bu gün “Standard” nə çempionluq, nə də medallar uğrunda mübarizə aparır. Ona görə də Avropa Liqasına vəsiqə qazanmaq üçün ölkə kubokunu qazanmaq lazımdır. Biz də bütün diqqəti kubok oyununa yönəltmişik. Sabah (bu gün) 1/4 final mərhələsi çərçivəsində cavab oyununa çıxacağıq. Səfərdən sərfəli nəticə ilə ayrılmışıq. İndi hər şey öz əlimizdədir. Rəhbərlik də qarşımıza finala qədər irəliləmək tapşırığını qoyub.

- Cavab oyunundan nə gözləyirsən?
- “Bakı” sonuncu çempiondur. Bu komanda kubok oyunlarında da yaxşı çıxış edir. Hətta bir dəfə kuboku da qazanıblar. Oyun gərgin keçəcək. Səfərdən sərfəli nəticə ilə dönmüşük. Təbii ki, cavab oyununda əsas məqsədimiz qapımızdan top buraxmamaq olacaq. Buna nail olsaq, yarımfinala adlayacağıq. Məncə, bu cütün qalibi finala qədər rahat irəliləyəcək. Əgər mərhələ adlayan biz olsaq, inanıram ki, belə də olacaq, komandada özünəinam xeyli artacaq.

- Ancaq “Standard”ın Premyer Liqa ilə vidalaşmaq təhlükəsi də var. Komandanız autsayderlər qrupunda qərarlaşıb.
- Bəli, çempionatın birinci mərhələsində istənilən səviyyədə çıxış edə bilmədik. Lakin final mərhələsinə qələbə ilə başladıq. Bu, çempionatda qalmaq üçün irəliyə atılmış bir addım oldu. Sadəcə, indi diqqətimizi “Bakı” ilə kubokda keçirəcəyimiz oyuna yönəltmişik. Bu görüşdən sonra qarşıdakı turlar haqqında fikirləşəcəyik.

- Səncə, “Standard” Premyer Liqadakı yerini qoruya biləcəkmi?
- Final mərhələsinə uğurlu start verdik. Bu cür davam etməyə çalışacağıq. Komandamızın elitada qalacağına inanıram.

- “Standard”ın əsas oyunçularından olsan da, fasilədə heyətə yeni futbolçular dəvət edildikdən sonra 2 matçda ehtiyatda qaldın. Bəlkə rəqabətə hazır deyilsən?
- Xeyr. Sadəcə, cəzalı olduğuma görə meydana çıxa bilmədim. Daha sonra köhnə ağrılar komanda yoldaşlarıma kömək etməyə mane oldu. İndi işlər qaydasındadır.

Mənbə: “Futbol dünyası” qəzeti
0