Klub prezidenti çadır qurub, aclığa başladı - FOTO
16.03.2010 - 12:45
Klub prezidenti çadır qurub, aclığa başladı - FOTO
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqovun vaxtilə şərəfini qoruduğu Türkiyənin “Kocaelispor” klubunda vəziyyət dözülməz həddə çatıb. Apasport.az saytının məlumatına görə, birinci liqada 14 xalla sonuncu pillədə qərarlaşan İzmit təmsilçisinin prezidenti Muammer Çəlik aclıq aksiyasına başlayıb. Buna səbəb borc içində üzən komandaya heç kimin dəstək göstərməməsidir.

Muammer Çəlik Kocaeli Təhsil Vəqfinin girişində boş sahədə çadır qurub və aclıq aksiyasına başlayıb. Çadırın içinə çarpayı, kreslo, televizor və elektrik qızdırıcısı qoyan prezident başqa çıxış yolunun olmadığını bildirib: “Bu qədər laqeydlik bizi üzdü. Köklü bir klub yox olmaz üzrədir. Mənim üçün soyuq, isti, aclıq, susuzluq önəmli deyil. “Kocaelispor”un səsi duyulana qədər aclıq aksiyasını davam etdirəcəyəm. Bilirəm ki, bu, klub prezidentinə yaraşmayan hərəkətdir, ancaq məni buna məcbur etdilər. Qoy məni bu addımı atmağa məcbur edənlər utansınlar!”

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasına borcu olduğundan, cari mövsümün əvvəlində “Kocaelispor”un heyətinə qatdığı oyunçulara lisenziya verilməmişdi. Həmin futbolçular yalnız borc ödənildikdən sonra, ikinci dövrədə forma geyinmək imkanı qazanıblar. Muammer Çelik İzmit klubunun prezidenti postuna 2009-cu il dekabrın 12-də seçilib. Rəşad Sadıqov və Ramal Hüseynov isə ötən ilin yanvar-may aylarında, “Kocaelispor”un Superliqada mübarizə apardığı dövrdə bu komandanın heyətində yer alıblar.
0