Azərbaycan klubu “Qalatasaray”ı duelə çağırdı
05.04.2010 - 11:57
Azərbaycan klubu “Qalatasaray”ı duelə çağırdı
İranın “Traktorsazı” klubu “Qalatasaray”la qarşılaşmaq istəyir. Apasport.az saytının məlumatına görə, Cənubi Azərbaycan paytaxtı Təbrizi təmsil edən komanda “Cim-Bom”la yoldaşlıq oyunu ilə bağlı danışıqlara start verib.

“Traktorsazı”nın baş direktoru Nəsir Şəfəq artıq nümayəndələrinin İstanbula ezam olunduğunu bildirib. Onun sözlərinə görə, baş tutan görüşdə “Qalatasaray” rəsmilərinə Təbriz təmsilçisinin oyunlarından fraqmentlərdən ibarət videoklipin olduğu kaset paylanılıb. Aprelin 23-də Təbrizdə baş tutacaq yoldaşlıq oyunu üçün Cənubi Azərbaycan klubu “Qalatasaray”a 500 min dollar ödəməyə hazırdır. Bundan başqa, türkiyəliləri Təbrizə gətirəcək çarter reysi üçün də 60 min dolları “Traktorsazı” ödəyəcək. İran Superliqasında 6-cı pillədə qərarlaşan təbrizlilər “Qalatasaray”ın 4 günə cavab verəcəyini gözləyir.

Qeyd edək ki, bir sıra futbolçularımızın vaxtilə legioner həyatı yaşadığı “Traktorsazı”nın sabiq baş məşqçiləri arasında həmyerlilərimiz Vaqif Sadıqovla Böyükağa Hacıyev də var.
0