Kamran Ağayev: Azərbaycan üçün nə səfər oyunu? MÜSAHİBƏ
09.04.2010 - 23:08
Kamran Ağayev: Azərbaycan üçün nə səfər oyunu? MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi

- Komandanızı sabah “Bakı” ilə çətin oyun gözləyir. Bu barədə nə deyə bilərsiniz?
- Biz rəqiblər arasında fərq qoymuruq. Hər oyuna necə hazırlaşırıqsa, “Bakı” ilə görüşə də o cür hazırlaşırıq. Top dəyirmi meydan düz, kimin qalib gələcəyi meydanda məlum olacaq.

- Bu görüşdə itiriləcək xal sizin ikinci yeri tutmaq şansınızı bir qədər azaldacaq. Çünki ən yaxın izləyiciniz “Bakı” sizə bir qədər də yaxınlaşacaq…
- Biz çempionluq uğrunda mübarizə aparırıq. Dediyim kimi, bu futboldur. Futbolda hər cür nəticə qeydə alınır. Bilmək olmaz, bəlkə “İnter” qalan bütün oyunlarını uduzur. Ona görə də əvvəlcədən bir söz demək düzgün çıxmaz.

- Qarşıda 4 səfər matçınız var. Yəni, təqvim digər komandalarla müqayisədə sizin üçün bir qədər çətindir. Üstəlik, kubok oyunları da var…
- Çətin deyəndə, oyunları ölkə xaricində keçirmirik ki. Azərbaycan üçün nə səfər oyunu? Bizim üçün səfər anlayışı yoxdur. Düşünmürəm ki, təqvimin bu cür olması bizə çətinlik yaratsın. Futbolçunun işi çıxıb futbol oynamaqdır. İstər evdə, istərsə də səfərdə.

- Yeri gəlmişkən, kubokdakı şansınızı necə dəyərləndirirsiniz?
- Şans deyəndə ki, bunu Allah verir. Biz futbolçular əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə adlayaq.

- Püşkdə bəxtinizin gətirdiyini demək olarmı? Çünki digər cütlüklə müqayisədə, bir qədər asan rəqiblə düşmüsünüz…
- Xeyr. Mən sizin kimi düşünmürəm. Çünki “Olimpik-Şüvəlan” kifayət qədər güclü komandadır. Hər iki görüş çətin olacaq.

- Ümumiyyətlə, əsas diqqəti ölkə çempionatına, yoxsa kuboka yönəltmisiniz?
- Biz komanda olaraq, hər iki cəbhədə sonacan vuruşacağıq. Şəxsən mən öz adıma danışıram. İstəyirəm ki, mövsümün sonunda iki titula yiyələnim.
0