Rəşad Sadıqov: Berti Foqts təkbaşına 50 futbolçuya məşq keçər - MÜSAHİBƏ
13.04.2010 - 12:30
Rəşad Sadıqov: Berti Foqts təkbaşına 50 futbolçuya məşq keçər - MÜSAHİBƏ
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Azərbaycan yığması növbəti təlim-məşq toplanışına yığışıb. İlk məşqdən aldığın təəssüratlar necədir?
- Bəli, dünəndən təlim-məşqə başlamışıq. Düşərgədə əhval-ruhiyyə yaxşıdır. Lüksemburq və İordaniya ilə yoxlama görüşlərindən sonra Berti Foqts fiziki vəziyyətimizdən narazı qalmışdı. Dünən güclü fiziki məşq keçdik. Çalışacağıq ki, bu çatışmazlığı tez bir zamanda aradan qaldıraq.

- Ümumiyyətlə, bizim futbolçuların fiziki göstəriciləri adətən aşağı olur. Bu problemin meydana çıxmasının əsl səbəbi nədir?
- Qış fasiləsindən sonra futbolçularda müəyyən çatışmazlıqların üzə çıxması normal haldır. Məncə, 2-3 oyundan sonra hər şey qaydasına düşür. Ötən ilki seçmə mərhələnin oyunlarında yaxşı təsir bağışlamışdıq. Yəni, ötən il fiziki cəhətdən problemimiz olmamışdı. İnşallah, Foqtsun dediklərinə əməl edib, xırda problemləri həll edəcəyik.

- Ölkə çempionatında XXVII turun ardından yığmaya qoşuldunuz. Uşaqlarda yorğunluq, psixoloji gərginlik yoxdur ki?
- Düzü, mən uşaqların daha yorğun olacağını gözləyirdim. Bəli, yorğunluq var, amma lap çox deyil. Həvəslə çalışırıq.

- Komandanın kapitanı kimi Anatoli Ponomaryovun yığmaya çağırılmasına münasibətin necədir?
- Bu suala cavab verməsəm, yaxşıdır. Qərarları məşqçi qəbul edir.

- Vaqif Sadıqovun gedişindən sonra Berti Foqtsun yalnız bir köməkçisi qalıb - Olef Yansen. İki məşqçi tam heyəti lazımınca idarə edə bilirmi?
- Yığmaya çağırılan futbolçular hamısı peşəkardır. Hərə öz üzərinə düşən məsuliyyəti başa düşür. Yansenlə bərabər qapıçılarla işləyən məşqçi də var. Foqts yığmada nizam-intizamın yüksək olmasının tərəfdarıdır. Məncə, Foqts təkbaşına 50 futbolçunu idarə edə bilər.

- Qarşıdakı yoxlama oyunlarında nəticə sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Artıq Avro-2012-nin seçmə mərhələsinin oyunlarına elə də çox qalmayıb. Son təlim-məşq toplanışlarında yüksək səviyyədə hazırlaşmalıyıq. Fikrimcə, qarşıdakı yoxlama oyunlarında həm yaxşı təsir bağışlamalı, həm də uğurlu nəticələr qazanmalıyıq.

- İndi də "Qarabağ" haqqında danışaq. "Altılığ"ın I dövrəsinin son oyununda "Neftçi"ni məğlub etdiniz. Ümumiyyətlə, "Neftçi" qarşısında bu cür üstün futbol nümayiş etdirəcəyinizi gözləyirdiniz?
- Biz oyuna yaxşı hazırlaşmışdıq. Ayrıldıqdan sonra 4-cü dəfə idi ki, "Neftçi"yə qarşı çıxış edirdim. İçimdə heç bir həyəcan yox idi. Çıxıb futbolumuzu oynadıq, qələbə qazandıq. Bildiyiniz kimi, "Qarabağ" ilk "altılıq"da 4 oyunda qələbə qazana bilməmişdi. Biz həmin 4 oyundan üçünü səfərdə keçirmişdik. Bilirsiniz, hər şey qismətdən asılıdır. Deməli, bu qədər uduzmalı və "Neftçi" üzərində qələbə qazanmalı idik. Bizi qarşıda çətin oyunlar gözləyir. Məlum olduğu kimi, mövsümü mükafatçılar sırasında bitirməyi qarşımıza məqsəd qoymuşuq. Əlbəttə, bu yolun çətin olduğunu, çoxlu sınaqlarla üz-üzə qalacağımızı da anlayırıq. Amma işimizi ən yüksək səviyyədə görmək üçün var qüvvəmizlə çalışacağıq.

- "Neftçi" ilə oyunda Quzanlı stadionunda ot hündür idi. Bu, topun hərəkətinə mane olurdu...
- Razıyam. Birinci hissədə bu problemlə üzləşdik. Fasilədən sonra bir qədər yağış yağdı və oynamaq rahatlaşdı. Düzdür, stadionun vəziyyəti yaxşı deyil. Azərbaycanın ümumi vəziyyətini nəzərə aldıqda isə pis də demək olmur. Həmişə demişəm ki, meydança məsələsi bizim futbolun başlıca problemlərindən biridir. Əgər meydançalar yaxşı olsa, futbolun rəngi də dəyişər. Oyunçular belə meydançalarda bacarıqlarından tam istifadə edə bilmirlər.

- Adamiyanın birinci qolu çox baxımlı alındı. Həm "Neftçi"də, həm də "Qarabağ"da komanda yoldaşın olan futbolçudan belə oyun gözləyirdin?
- Adamiya zədəsini yeni sağaldıb. Düzü, ondan belə oyun gözləmirdim. Adamiya haqqında fərqli fikirlər formalaşmışdı. Həmin oyunla nəyə qadir olduğunu sübut etdi. Georgi mənim yaxın dostumdur. İstəyirəm ki, həmişə yüksək səviyyədə çıxış etsin. "Neftçi" ilə oyunu çox şişirtmək istəmirəm. Biz sadəcə, futbol oynadıq. "Neftçi"yə gələcək oyunlarda uğurlar diləyib, avrokuboklara düşməsini arzulayıram.

- Baş məşqçiniz Qurban Qurbanov ölkə xaricinə getmək istədiyini söyləyib. Əcnəbi klublardan dəvət almısan?
- "Qarabağ"la müqaviləmin müddəti yayda başa çatacaq. Hazırda ancaq qarşıdakı oyunları düşünürəm. Qurban Qurbanov mənim fikrimi söyləyib. Təklif gələcəyi halda, Azərbaycandan gedəcəyəm. Hazırda heç bir dəvət yoxdur. Əgər mövsümün sonunda da olmasa, karyeramı elə Azərbaycanda davam etdirəcəyəm.
0